ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İstehlakçı hüquqlarının müdafiəsi

Bazar münasibətləri şəraitində təsərrüfat subyektlərinin istehsal (satış, xidmət) fəaliyyətinin effektivliyi bilavasitə onun bazara, istehlakçıların tələbinə, alış motivlərinə və davranışına uyğunlaşma səviyyəsindən asılıdır. İnsan hüquqları sahəsində əsas hüquqlardan biri də istehlakçıların hüquqlarıdır. Dövlət istehlakçı hüquqlarının qorunmasına və sahibkarlığın inkişafına xüsusi önəm verərək, ölkə iqtisadiyyatında inhisarçılığın qarşısının alınması və haqsız rəqabətlə mübarizənin gücləndirilməsi, habelə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsinə, qanunvericilik bazasının yaradılmasına nail olmuşdur.

İstehlakçı kimdir ?

İstehlakçı anlayışı ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda geniş məlumat verilmişdir. Həmin Qanuna əsasən istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir.

İstehlakçı hüququnun qanunvericilik halına alınmasının tarixi.

İlk dəfə 15 mart 1962-ci ildə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı ABŞ Prezidenti C.Kennedinin “İstehlakçıların hüquqlarının müdafiəsinə dair Bəyanat” qəbul edildiyini qeyd edə bilərik. Həmin Bəyanatda istehlakçıların aşağıdakı hüquqları müəyyən edilmişdir.

  • Seçim etmək hüququ;
  • təhlükəsizlik hüququ;
  • məlumat almaq hüququ;
  • Təmsil edilmək hüququ.

Bundan sonra 1975-ci ildə Avropa Birliyi “İstehlakçıların hüquqlarının tanınması” haqqında regional sənəd qəbul edib. Sənədə istehlakçının aşağıdakı hüquqları təsbit olunmuşdur.

  • İstehlakçıların sağlamlığının və təhlükəsizliyinin müdafiəsi hüququ;
  • İstehlakçıların iqtisadi maraqlarının müdafiəsi hüququ;
  • İstehlakçıya dəyən zərərin ödənilməsi hüququ;
  • İstehlakçının maarifləndirilməsi hüququ;
  • İstehlakçının təmsil etmək hüququ.

Bu sənəddən 10 il sonra, yəni 1985 –ci ildə BMT “İstehlakçıların hüquqlarının müdafiəsinə dair” Rəhbər Prinsiplər qəbul etdi. Göstərilən sənəd istehlakçıların hüquqlarını daha da genişləndirdi. Rəhbər Prinsiplərdə aşağıdakı hüquqlar təsbit olunmuşdur:

  • Əsas tələbatların ödənilməsi hüququ;
  • Sağlam ətraf mühitdə yaşamaq hüququ;
  • Seçim etmək hüququ;
  • Təhlükəsizlik hüququ;
  • Məlumat almaq hüququ;
  • Təmsil edilmək hüququ;
  • İstehlakçıya dəyən zərərin ödənilməsi hüququ;
  • İstehlakçının maarifləndirilmə hüququ.

1995-ci ildə 19 sentyabrda Azərbaycanda BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun qəbul olundu. Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər mühit yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir.

Qanunla müəyyən edilmiş istehlakçı hüquqları.

  • malların (işlərin, xidmətlərin) və onların istehsalçısının və satıcısının sərbəst seçilməsinə;
  • istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olmasına;
  • malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;
  • malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumatların əldə etməsinə;
  • qanunvericilkdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insan sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;
  • öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;
  • ictimai təşkilatlara ( istehlakçılar birliyinə) birləşməyə.

Qüsuru olan mal satılarkən istehlakçının hüquqları.

İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

  • lazımi keyfiyyətli mala dəyişdirməyi;
  • satış qiymətini uyğun məbləğdə azaltmağı;
  • malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
  • malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
  • müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

İstehlakçıların mal (iş,xidmət) haqqında məlumat almaq hüququ.

Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

İstehlakçının tələblərini ödəməyən malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququ.

İstehlakçının tələblərini ödəməyən malın lazımı keyfiyyətli mala dəyişdirmək ilə bağlı aşağıdakı hüquqları vardır:

  • lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa, onu aldığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.
  • İstehlakçının malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı lazımı keyfiyyətli mala dəyişdirmək hüququ vardır. Pərakəndə satılan mallar üçün isə satıcı tərəfinən daha uzun müddət müəyyən oluna bilər.
  • İstehlakçı tərəfindən əldə edilmiş lazımı keyfiyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin kassa qəbzi və malla verilmiş sənədlər saxlanılıbsa onda istehlakçının onu dəyişdirmək hüququ vardır.

İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi

Qanunun 26-cı maddəsində istehlakçıların hüquqlarının məhkəmə müdafiəsi nəzərdə tutulub. Maddədə istehlakçıya ziyan dəydiyi təqdirdə onun cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulub. Həmçinin burada dəymiş mənəvi zərərin də ödənilməsi göstərilib.   

İstehlakçıların Qanunla qorunan hüquqlarının müdafiəsi

Dövlət Xidmətinin  Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri müəyyən edilmişdir:

  • İstehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinin qarşısının alınması ilə bağlı tədbirlər görmək,
  • İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirmək,
  • İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında yazılı tələbnamə (göstəriş) vermək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görmək,
  • İstehlakçıların çəkidə (ölçüdə), qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə istehlakçılara tam və düzgün məlumat verilməməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxmaq və tədbirlər görmək.