ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Antiinhisar nəzarəti

Antiinhisar sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həmin siyasətin həyata keçirilməsini təmin etmək Xidmətin əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddənin II hissəsinə əsasən Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. 

İnhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir.

İnhisarçılıq fəaliyyəti

inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdırmağa, yaxud aradan qaldırmağa yönəldilmiş fəaliyyətidir.

Hökmran mövqe

təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur.

İnhisarçılıq fəaliyyətinin dövlət inhisarçılığı, sahə inhisarçılığı, yerli inhisarçılıq, təsərrüfat subyektlərinin inhisarçılığı, maliyyə-kredit inhisarçılığı, bazar subyektlərinin üfüqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq, patent-lisenziya inhisarçılığı və yerin təkindən istifadə inhisarçılığı növləri vardır.

Qeyd olunan inhisarçılıq fəaliyyətləri “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və həmin hərəkətlərə yol verilməsinə görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulmuşdur.

Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən baxılır.

Qeyd olunan qaydalara əsasən Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər.

Antiinhisar qanunvericiliyinin pozulması haqqında müraciətlər yazılı şəkildə ərizə verməklə, antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq  surətdə təsdiq olunmuş surətləri əlavə olunmaqla Antiinhisar orqanına təqdim edilir. Xarici dildə tərtib olunmuş sənədlər, onların Azərbaycan dilinə lazımi qaydada təsdiq edilmiş tərcüməsi əlavə olunmaqla təqdim edilir. Antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizədə müraciət edən və şikayət olunan şəxs barədə məlumatlar və antiinhisar qanunvericiliyinin pozulması faktının izahı verilməli, müraciət edənin tələblərinin mahiyyəti göstərilməlidir.

Xidmət hökmran mövqedən sui-istifadə, kartel razılaşmalarının aradan qaldırılması, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəqabəti məhdudlaşdıra bilən hərəkətlərinin qarşısının alınması və təmərküzləşmənin antiinhisar qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməməsi ilə əlaqədar araşdırmalar aparır, aşkar olunmuş antiinhisar qanunvericiliynin pozulması əlamətləri üzrə iş qaldırır və müvafiq qərarlar qəbul edir. 

Antiinhisar tənzimlənməsi təsərrüfat subyektlərinin və onların birliklərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi zamanı və səhmlərin (payların) əldə olunması zamanı təsərrüfat subyektləri arasında bağlanılmış əqdlərin həyata keçirilməsində antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti formasında həyata keçirilir.

Aşağıdakı hallarda təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi Xidmətin razılığı əsasında həyata keçirilir:

  • təsərrüfat subyektlərinin birləşdirilməsinə və qovuşmasına (əgər bu, müvafiq əmtəə bazarında payı 35%-dən çox olan təsərrüfat  subyektlərinin yaranması ilə nəticələnərsə);
  • aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən artıq olan təsərrüfat subyektlərinin qovuşmasına və  birləşməsinə;
  • aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət və bələdiyyə müəssisələrinin ləğv edilməsinə (məhkəmənin  qərarı ilə müəssisələrin ləğv edilməsi halları istisna olunmaqla) və bölünməsinə (əgər bu, müvafiq əmtəə bazarında payı 35%-dən çox olan  təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə).

Bundan başqa təsərrüfat subyektlərinin aktivlərinin ümumi balans dəyəri minimum əmək haqqı məbləğinin 75 min  mislindən çox olduqda, (və ya) təsərrüfat subyektlərinin birinin müvafiq əmtəə bazarında payı 35%-dən çox olduqda və ya səhmləri əldə edən təsərrüfat subyekti həmin səhmləri özgəninkiləşdirən təsərrüfat subyektinin fəaliyyətinə nəzarət etdikdə aşağıdakı hallarda təsərrüfat subyektləri arasında bağlanılmış əqdlər Xidmətdən razılığı əsasında həyata keçirilməlidir:

  • bir təsərrüfat subyektinin nizamnamə kapitalını təşkil edən və səsvermə hüququna malik səhmlərin (payların) 20%-dən çoxunun digər təsərrüfat subyekti (təsərrüfat subyektlərinin birliyinin və ya bir-birinin əmlakına nəzarət edən şəxslər qrupu) tərəfindən əldə edildikdə. Bu məhdudiyyətlər təsərrüfat subyektinin yaradılması  zamanı onun təsisçilərinə aid edilmir;
  • bir təsərrüfat subyektinin əsas istehsal vasitələrinin və ya qeyri-maddi aktivlərinin digər təsərrüfat subyektinin (təsərrüfat subyektlərinin birliyi və ya bir-birinin əmlakına nəzarət edən şəxslər qrupu) mülkiyyətinə və ya istifadəsinə verilməsi zamanı, əgər əqd predmetini təşkil edən əmlakın balans dəyəri, bu əmlakı özgəninkiləşdirən  təsərrüfat subyektinin əsas istehsal vasitələrinin və qeyri-maddi aktivlərinin balans dəyərinin 10 faizindən çox olarsa;
  • bir təsərrüfat subyektinin sahibkarlıq fəaliyyəti aparmaq şərtlərini müəyyənləşdirməyə və ya onun ali idarəetmə orqanının funksiyalarını həyata keçirməyə imkan verən hüquqlarının digər təsərrüfat subyekti (təsərrüfat subyektlərinin birliyi və ya bir-birinin əmlakına nəzarət edən şəxslər qrupu) tərəfindən alındıqda.

Qeyd olunan razılıqların alınması üçün qərar  qəbul edən şəxslər və ya təsərrüfat subyektləri Xidmətə vəsatət təqdim edir. Vəsatətə, təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi ilə bağlı müvafiq müqavilə və (və ya) qərar və əsas məhsulun (xidmətlərin) müvafiq əmtəə bazarında satışının həcminə dair  məlumat əlavə olunur.