Tez-tez verilən suallar
- 1) Bəzi mağazalarda satılan malların üzərində qiymətləri göstərilmir. Bu məsələ Qanunla necə tənzimlənir?
- Satışa çıxarılmış bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Qiymət kağızının arxa tərəfində isə məsul şəxsin imzası və onun doldurulma tarixinin olması vacibdir.
- Mənbə: Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları haqqında" 1998-ci il tarixli qərarı
- 2) Satıcı məhsul haqqında istehlakçıya hansı məlumatları verməlidir?
- Satıcı istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilmə şərtləri, təminat öhdəlikləri, malın işlədilmə, saxlanılma və təhlükəsizlik qaydaları barədə dolğun məlumat verməlidir. Ərzaq məhsullarında isə ən vacib elementlər tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlığa zərər vuran maddələrin miqdarı və digər məsələlərdir. Satılan mal barəsində yalnış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, onun müqaviləni ləğv etmək hüququ var.
- 3)Məhsulun zəmanət müddəti necə müəyyən edilir?
- Zəmanət müddəti – məhsulun zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. Zəmanət müddəti alqı-satqı müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır. Zəmanət müddəti zəmanət talonunda, malın (işin, xidmətin) pasportunda göstərilir. Zəmanətli təmir aparılarkən zəmanət müddəti məhsulun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Məhsul dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
- 4) Zəmanət müddəti ərzində alınan məhsulda qüsur və ya saxtalıq aşkar olunduğu zaman istehlakçı hansı hüquqlara malikdir? Alıcının hüquqları hansı halda və necə təmin edilir?
- İstehlakçı zəmanət müddəti ərzində məhsulda qüsur və ya saxtalıq aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan malı lazımi keyfiyyətli digər mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaldılmasını, qüsurun aradan qaldırılmasını, istehlakçının çəkdiyi xərclərin əvəzinin ödənilməsini, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur. İstehlakçının məhsulu dəyişmək tələbi, məhsul olduqda dərhal yerinə yetirilməli, məhsul olmadıqda isə ərizənin verildiyi andan iki ay müddətində ödəniş geri qaytarılmalıdır. İstehlakçının aldığı ərzağın keyfiyyətsiz olduğu məhsulun yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya ödənilən məbləği geri qaytarmalıdır. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa qəbzi, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.
- 5)Zəmanət verilməyən məhsul xarab çıxarsa, istehlakçı nə etməlidir?
- İstehlakçı satıcı (istehsalçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, 2 il və daha uzun müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.
- Mənbə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Maddə 589.2
- 6)Onlayn alış-verişdə alıcı nələrə diqqət etməlidir?
- Malın hansı formada alınmasından və ya istehlakçıya təqdim edilməsindən asılı olmayaraq qanunvericiliyin tələblərinə ciddi əməl etmək lazımdır. İstehlakçılar əldə etdikləri malı satıcıdan qəbul etməmişdən öncə yoxlamalı, satıcıdan mala dair zəruri sənədləri (qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənədi) tələb etməlidir. Onlayn qaydada mal (iş, xidmət) alarkən aldanmamaq, riskli hallardan sığortalanmaq və hüquqlarınızın pozulmasına yol verməmək üçün ilk növbədə satıcı tərəfindən adı və ünvanı, internet və elektron poçt ünvanı, telefonu, VÖEN-i, habelə malın (işin, xidmətin) qiyməti və s. barədə məlumatların istehlakçıya verilib-verilmədiyinə diqqət yetirilməli, bu cür məlumatları təqdim etməyən satıcıdan mal almaqdan çəkinilməlidir.
- 7) Əşyanın yararlıq müddəti nədir və necə hesablanır?
- Yararlılıq müddəti əşyanın təyinatı üzrə istifadəyə yararlığına müəyyənləşdirilən müddətdir. Əşyanın yararlıq müddəti onun hazırlandığı gündən hesablanır, istifadəyə yararlığını göstərən vaxt ilə və ya əşyanın yararlığının bitdiyi tarixlə müəyyənləşdirilir.
- Mənbə: Mülki Məcəllə, maddə 584
- 8) Telefonla birgə satılan aksesuarlara zəmanət verilirmi?
- Köməkçi aksesuarların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) zəmanət müddətindən az olmamalıdır.
- 9) Məhsulun təmir müddəti uzandıqda istehlakçı hansı hüquqlara malikdir?
- İcraçı xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və işi vaxtında bitirmirsə, istehlakçının müqavilədən imtina etmək və zərərin ödənilməsini tələb etmək hüququ var. İcraçı, istehlakçıdan qəbul etdiyi əşyanı itirdikdə, korladıqda, zədələdikdə alıcıya keyfiyyət və qiyməti uyğun olan digər məhsul təqdim etməlidir. Bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın dəyərini və dəymiş zərəri 1 (bir) aydan gec olmayaraq ödəməlidir.
- 10) Məhsul haqqında hansı sənədlər istehlakçıya mütləq təqdim edilməlidir?
- İstehlakçının tələbi ilə satıcı (icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri təqdim etməyə borcludur.
- 11) Məhsulun dəyişdirilməsi necə həyata keçirilir?
- Satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə, alıcı qeyri-ərzaq məhsulunu ona verildiyi andan 14 gün müdətində başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Dəyişmək üçün zəruri mal olmadıqda alıcı malı qaytara və ödədiyi pulu geri ala bilər. Geri qaytarılan məhsul işlənmiş olmamalı, istehlak xassələri qorunub saxlanılmalıdır. Eyni zamanda alıcı məhsulu məhz həmin yerdən aldığına dair sübutlar təqdim etməlidir.
- 12) Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?
- Nazirlər Kabinetinin 1998-ci il tarixli 114 nömrəli qərarı ilə ölkə ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilib.
- Həmin məhsullar:
- -qızıl və qızıl məmulatları;
- -qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar;
- -istehsal qüsurları istisna olmaqla bütün növ parçapar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr);
- -parfümer-kosmetika malları;
- -bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
- -məişət kimyası malları;
- -şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.);
- -uşaq oyuncaqları;
- -istehsal qüsurları istisna olmaqla istifadə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlar;
- -ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar;
- -dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
- 13)İstehlakçı məhsulun keyfiyyətini, ölçüsünü, çəkisini və qiymətini aldığı yerdə yoxlaya bilərmi?
- İstehlakçı aldığı məhsulun keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini alandan sonra 3 gün ərzində malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır.
- 14) Məhsul alarkən müqavilənin bağlanması zəruridirmi və bu necə həyata keçirilir?
- İstehlakçı və qarşı tərəf arasında münasibətlər bir qayda olaraq müqavilələrlə nizama salınır. İcraçı öhdəliklərini icra etmədiyi hallarda dəymiş zərərə görə istehlakçı hüquqlarını həmin müqavilə əsasında müdafiə edə bilər.
- 15) Xarab olmuş məhsul təmirə verilərkən sənədləşmə hansı qaydada aparılmalıdır?
- Xarab olmuş məhsul təmirə verilərkən sənədləşmə yazılı formada rəsmiləşdirilir. Sifarişçiyə isə talon, kassa çeki və ya qəbz verilməlidir. Təqdim edilən sənədlərdə sifarişin qəbul olunduğu tarix, görüləcək işin qiyməti və digər məsələlər əksini tapmalıdır.
- 16) Mənşə sertifikatı nədir və sahibkarlara hansı üstünlüklər verir?
- Mənşə sertifikatı ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və mənşə ölkəsini təsdiq edən sənəddir. Malın mənşə ölkəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif göstəricilərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müəyyən olunur. Mənşə sertifikatının alınması malların ixracı zamanı sahibkarlara idxalçı ölkədə güzəştli şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə şərait yaradır.
- 17) Keyfiyyət sertifikatı nədir və kimlərə verilir?
- Keyfiyyət sertifikatı məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sənəddir. Keyfiyyət sertifikatı Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün təsdiqedici kod nömrəsi almış müəssisələr tərəfindən məhsulların ixracı zamanı verilir.
- 18) Məhsulda yaranan hansı qüsurların aradan qaldırılmasına satıcı cavabdehdir?
- Əgər alıcı əşyanın qüsurlarının aldığı vaxtdan əvvəl əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
- 19) Hansı reklam üsullarından istifadəyə yol verilmir?
- Reklamlarda əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadəyə yol verilmir.
- 20) Hansı reklamlar istehlakçıların çaşdırılmasına səbəb olur?
- Əmtəənin mənşəyi, hazırlanma üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və digər məsələlərlə əlaqədar istehlakçını çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə edilməsi;
- Əmtəənin satışı, yaxud sövdələşmə zamanı istehlakçının sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
- İstehlakçını çaşdıra bilən tərzdə öz əmtəəsinin rəqibin əmtəəsi ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya informasiya materialı kimi təqdim olunması;
- Əmtəənin istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərlə (o cümlədən fərqləndirici nişan və ya marka ilə) təchiz edilməsi və bununla əlaqədar reklamın verilməsi;
- Müəyyən edilmiş standartlara uyğun olmayan əmtəənin təklif edilməsi, yaxud əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
- 21) Hansı reklamlar haqsız reklam hesab edilir?
- “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.-ci maddəsinə əsasən:
- -reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən başqa istehsalçıların əmtəəsinin keyfiyyət və kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və ya əmtəəni göstərməklə müqayisə aparıldıqda;
- -müxtəlif vasitələrlə bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda;
- -əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə;
- -müəlliflik hüquqlarından qeyri-qanuni istifadə olunduqda;
- -reklam edilən əmtəə başqa istehsalçıların və satıcıların əmtəəsinə çaşqınlıq yarada biləcək dərəcədə bənzədildikdə;
- -reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə;
- “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 6.2.-ci maddəsinə əsasən haqsız reklama yol verilmir.
- 22) Reklam materiallarının saxlanma müddəti nə qədərdir?
- Reklam materialları (surətləri), habelə onlara edilən dəyişikliklər, reklamın istehsalına, yerləşdirilməsinə və yayımına dair müqavilələr reklamın son yayımından və ya müqavilə müddətinin bitdiyi tarixindən etibarən reklamvericidə, reklam yaradıcısında, reklam istehsalçısında, reklam agentində və reklam yayıcısında azı bir il müddətində saxlanmalıdır.
- Mənbə: “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun, maddə 18.
- 23) Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün tikinti-quraşdırma işləri kim tərəfindən, necə aparılır?
- Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir.
- Fiziki şəxs olan istehlakçıların su, qaz və elektrik enerjisindən istifadə üçün sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi müvafiq olaraq təchizatçı müəssisələrin vəsaiti hesabına təmin edilir.
- 24 )Fiziki şəxs olan istehlakçıların su, qaz və elektrik enerjisinin alqı-satqısı və onlardan istifadə üçün sayğaclarla təchiz edilməsi necə həyata keçirilir?
- Su, qaz və elektrik enerjisinin alqı-satqısı təchizatçılarla bilavasitə istehlakçılar arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrin bağlanılması zamanı üçüncü şəxslər, o cümlədən binaların mülkiyyətçiləri, yaxud idarəetməni həyata keçirən şəxslər (təsərrüfat cəmiyyətləri, mənzil-tikinti kooperativləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri və s.) hər hansı formada iştirak etmədiyindən onların su, qaz və elektrik təchizatı üzrə yaranan münasibətlərdə tərəf hesab edilmələri istisna edilməlidir.
- Lisenziyası olan podratçıların siyahısı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytında yerləşdirilib.
- Mənbə: "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanunu, Maddə 13.
- 25) İstismar müddəti bitmiş elektrik sayğacı yenisi ilə əvəz edilərkən protokol tərtib edilməlidir?
- Elektrik sayğacının dəyişdirilməsi zamanı istehlakçının (abonent) iştirakı ilə bağlı tələb nəzərdə tutulmayıb.
- 26) Gecikdirilmiş borca görə istehlakçıya məxsus digər borcu olmayan mənzilinin də su təchizatı dayandırıla bilər?
- Bir ünvanda yaranmış borca görə istehlakçıya məxsus borcu olmayan digər mənzil və ya obyektin su təchizatı borc tam ödənilənədək dayandırıla bilər.
- 27) Uyğunluq sertifikatı nədir?
- Uyğunluq sertifikatı sertifikatlaşdırılmış malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən sənəddir. Vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır.
- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə nəzərdə tutulub.
- 28) Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid edilən sahələr hansılardır?
- “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinin şamil olunduğu sahələr müəyyən edilib. Bunlara səhiyyə, bitki mühafizəsi və karantini, aqrokimyəvi tədbirlərin həyata keçirilməsi, baytarlıq, ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi və s. kimi sahələr aiddir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodları ilə yerinə yetirilməlidir.
- 29) Tipi təsdiq edilməmiş və ya yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə ölçmələrin aparılmasına görə cərimə nəzərdə tutulurmu?
- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və ya yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və ölçmələrin attestasiya edilməmiş ölçmə metodları ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
- 30) Uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən hansı qurumların akkreditasiyası məcburidir?
- Texniki reqlamentdə və digər normativ-hüquqi aktda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan malın (xidmətin, işin), prosesin və işçi heyətinin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və ya xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumların akkreditasiyası məcburidir.
- 31) Akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə cərimə nəzərdə tutulurmu?
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
- 32) Uyğunluq sertifikatını necə əldə etmək olar ?
- Uyğunluq sertifikatının əldə edilməsi üçün sifarişçi müvafiq sahədə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş istənilən uyğunluğu qiymətləndirən quruma müraciət edə bilər. Həmin qurumlar barəsində məlumatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
- 33) Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı ilə əlaqədar reklam istehsalçısı və reklam yayıcısına hansı sənədlər təqdim edilməlidir?
- Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı ilə əlaqədar reklamvericisi reklam istehsalçısına və reklam yayıcısına:
- Reklamvericinin tələbi əsasında müvafiq qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən verilmiş sertifikat;
- dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsi;
- dərman vasitəsindən istifadəyə dair təlimat, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənəd;
- mənşə sertifikatı;
- reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədlərin surətlərini təqdim etməlidir.
- 34) Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?
- Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla, bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr), parfümer-kosmetika malları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla, istifadə edilmiş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları dəyişdirilməli olmayan mallardır.
- 35) Texniki reqlament nədir?
- Texniki reqlament – mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki-normativ hüquqi aktdır.Texniki reqlamentlərdə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları ilə bağlı insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın mühafizəsinə yönəldilmiş məcburi tələblər əks olunur. Eyni zamanda texniki reqlamentlərdə malların dizaynına və xarici görünüşünə dair tələblər istisna olmaqla, malların terminologiya, simvol, qablaşdırma, etiketləşdirmə, istismar, saxlanma, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair məcburi tələblər müəyyən edilə bilər.
- 36) İstehlakçının hansı hüquqları var?
- İstehlakçının malı (işi, xidməti) və onun istehsalçısını, icraçısını və satıcısını sərbəst seçmək, əldə etdiyi malın və ya xidmətin lazımi keyfiyyətdə olmasını tələb etmək, aldığı malın (işin və ya xidmətin) təhlükəsiz olması, mal (iş və xidmət) haqqında zəruri və düzgün məlumat əldə etmək, malın (işin, xidmətin) vurduğu zərərin ödənilməsini tələb etmək, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına, məhkəməyə müraciət etmək və ictimai təşkilatlarda birləşmək hüququ vardır.
- 37) Əşyanın yararlılıq müddəti nədir və yararlılıq müddəti necə hesablanır?
- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, yararlılıq müddəti əşyanın təyinatı üzrə istifadəyə yararlığına hədd qoyan müddətdir. Satıcı yararlılıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlılıq müddəti bitənədək alıcı əşyadan təyinatı üzrə istifadə edə bilsin. Əşyanın yararlıq müddəti onun hazırlandığı gündən hesablanan, istifadəyə yararlığını göstərən vaxt dövrü ilə və ya əşyanın yararlığının bitdiyi tarixlə müəyyənləşdirilir.
- 38)Xarab olmuş malı təmirə verərkən sənədləşmə hansı qaydada aparılmalıdır?
- Xarab olmuş malı təmirə verərkən sənədləşmə sadə yazılı formada rəsmiləşdirilə bilər. Bu zaman sifarişçiyə talon, kassa çeki və ya qəbz verilməlidir. Təqdim edilən sənədlərdə sifarişin qəbul olunduğu tarix, görüləcək işin qiyməti və s. məsələlər əksini tapmalıdır. Sifarişin qəbulu zamanı tərtib edilmiş müqavilə və ya sənədin şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş istehlakçıların hüquqlarını məhdudlaşdırarasa, həmin müqavilə və ya sənəd etibarsız sayılır. Sifarişin rəsmiləşdirildiyi müqavilə (qəbz) və ya digər sənəd itirildikdə, yerinə yetirilmiş iş (göstərilmiş xidmət) istehlakçıya onun təqdim etdiyi ərizə və şəxsiyyəti təsdiq edən sənədə əsasən verilir.
- 39) Təmirə verilən malın təmir müddəti çox çəkdikdə istehlakçı hansı hüquqlara malikdir?
- İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.
- 40) Mal alarkən müqavilə bağlamaq zəruridirmi və bu nə formada həyata keçirilir?
- Malın alış-verişi həyata keçirilən zaman alqı-satqı müqaviləsinin bağlanması zəruridir. Belə müqavilələrə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyə, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyə borcludur. Alqı-satqı müqavilələri şifahi və ya yazılı ola bilər. Gündəlik tələbat mallarının, kiçik dəyərli əşyaların alqı-satqısı zamanı yazılı müqavilələrin bağlanmasına ehtiyac olmur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Bu zaman gələcəkdə yarana biləcək hər hansı anlaşılmazlığın qarşısını almaq üçün istehlakçı ödədiyi pulun kassa çekini tələb etməlidir.
- 41) Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma prosesi necə həyata keçirilir?
- Şəbəkəyə qoşulmaq üçün operatora poçtla və ya elektron formada müraciət edilə bilər. Operator müraciət edən şəxsə qoşulma üçün texniki imkan barədə 3 iş günündən gec olmayaraq məlumat verir. Operator ilə müraciət edən şəxs arasında qoşulma müqaviləsi bağlanılır. Qoşulma müqaviləsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlər”in əlavəsində göstərilən məlumatlar əks olunmalı, həmçinin müqaviləyə fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, onun səlahiyyətli nümayəndəsinin) şəxsiyyətini təsdiq edən sənədinin surəti əlavə olunmalıdır. Qoşulma müqaviləsi 2 nüsxədə tərtib olunur və onlardan biri abunəçiyə verilir, digəri isə operatorda saxlanılır.
- 42) Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar necə həyata keçirilir?
- Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur.
- 43) İstehlakçı su təchizatı və kanalizasiya müəssisənin nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda sudan istifadəyə görə hesablaşma necə aparılmalıdır?
- Sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 aylıq dövrdə (istehlak dövrü 12 aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır.
- 44) Mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan sudan istifadə edən şəxslərin sayında dəyişikliklər olduqda istehlakçı nə etməlidir?
- Mənzildə və ya fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 iş günü müddətində Su təchizatı və kanalizasiya müəssisəsinə təqdim etməlidir. Su təchizatı və kanalizasiya müəssisəsi hesablaşmanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
- 45) Alınan mala satıcı və ya istehlakçı tərəfindən zəmanət verilməyibsə, mal qüsurlu çıxıbsa nə etmək olar?
- Zəmanət müddəti istehsalçı və ya satıcı tərəfindən qeyd edilən müddət ərzində məhsulun normal istismarına dair təminat verildiyi zaman dilimidir. Əgər satıcı və ya istehsalçı tərəfindən zəmanət müddəti müəyyən edilməmişdirsə istehlakçı satıcı (istehsalçı) qarşısında aşkar olunmuş qüsurlar barədə məhsulu əldə etdiyi gündən 2 il ərzində və ya müqavilə ilə müəyyənləşdirilmiş daha uzun müddətdə öz tələblərini irəli sürmək hüququna malikdir.
- 46) İstehlakçı kimi hüquqlarım pozulduğuna görə məhkəməyə müraciət edə bilərəm?
- İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmələr həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Qeyd edək ki, istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
- 47) Qüsurlu mal dedikdə nə başa düşülür?
- Mövcud qanunvericiliyə əsasən qüsurlu mal dedikdə malın normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, icraçı və ya satıcının mal haqqında verdiyi məlumata, həmçinin malın adətən istifadə olunduğu məqsədə və ya istehlakçının satıcıya məlumat verdiyi məqsədinə, malların təsvirə və nümunəyə uyğun satışı zamanı təsvirə və nümunəyə uyğunsuzluğu başa düşülür. Həmçinin maldan onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırılması mümkün olmayan, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəkilə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur mühüm qüsur hesab olunur. Malda qüsur və ya mühüm qüsur aşkarlandıqda istehlakçı satıcıya (istehsalçıya) qarşı qanunvericilikdə qeyd olunan tələbləri irəli sürə bilər.
- 48) Satıcı istehlakçıya mal haqqında hansı sənədləri təqdim etməlidir?
- Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və s.) verməyə borcludur. Malın keyfiyyətinin texniki sənədlərdə və standartlarda göstərilmiş səviyyədə olması üçün satıcı öz üzərinə vəzifələr götürür. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. İstehlakçının tələbi ilə satıcı (icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri ona təqdim etməyə borcludur.
- 49) Elektron (onlayn) qaydada alınmış məhsulları dəyişdirmək, qaytarmaq mümkündür mü?
- Elektron (onlayn) qaydada məhsul əldə edən istehlakçının hüquqları ilə ənənəvi qaydada mal alan istehlakçının hüquqları bərabərdir. Elektron (onlayn) qaydada mal alındığı zaman istehlakçı hüquqlarına hər hansı bir məhdudiyyət qoyula bilməz. Ona görə də elektron (onlayn) qaydada alınmış məhsulu qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dəyişdirmək və ya qaytarmaq mümkündür.
- 50) İnhisarçılıq nədir?
- İnhisarçılıq təsərrüfat subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdırmağa yaxud arada qaldırmağa yönəlmiş fəaliyyətidir. İnhisarçılıq fəaliyyətinə bazar subyektlərinin qiymətlərlə manipulyasiya etməsi, məhsulun alternativ satıcıları və alıcıları olmadıqda təsərrüfat subyektləri arasında ayrı-seçkilik yaratmaq məqsədilə məhsulu satmaqdan və ya almaqdan imtina etməsi, qapalı satış şəbəkələrinin yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi və qanunvericiliklə qadağan edilmiş digər hərəkətlər aid edilə bilər.
- 51) Hökmran mövqe nədir?
- Hökmran mövqe təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən müstəsna vəziyyətidir. Müvafiq əmtəə bazarında payı 35%-dən çox və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan bazar subyektləri hökmran mövqe tutmuş hesab olunur.
- 52) Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi hansı qurum tərəfindən həyata keçirilir?
- Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi dövlət qurumlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilir.
- 53) Standart nədir?
- Təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən, tətbiqi könüllü olan normativ sənəddir.
- 54) İstehlakçılar hansı hallarda malı dəyişdirə və ya geri qaytara bilərlər?
- Birincisi, istehlakçı qanunvericilikdə və ya müqavilədə müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli digər mala dəyişdirməyi tələb etmək hüququna malikdir. Satıcı (icraçı) isə istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur. İkincisi, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, enerji dəyəri, sağlamlıq üçün zərərli maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri ilə), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Bu cür məlumatların tam verilməməsi istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa istehakçının malı qaytarmaq huququ vardır. Üçüncüsü, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə istehlakçının onu 14 gün ərzində uyğun mala dəyişdirmək hüququ vardır. Bu zaman satışda uyğun mal yoxdursa istehlakçının həmin malı qaytarmaq hüququ vardır.
- 55) Sahibkarlar elektron satınalmada necə iştirak edə bilər?
- Sahibkarlar asan və ya elektron imza ilə dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) qeydiyyatdan keçir, fəaliyyət istiqamətlərinə uyğun istənilən müsabiqə üzrə real vaxt rejimində iştirak haqqını ödədikdən sonra həmin müsabiqənin əsas şərtlər toplusunu əldə edirlər. Daha sonra tələb olunan müvafiq sənədləri portal vasitəsilə satınalan təşkilata təqdim etməklə elektron satınalmada iştirak edə bilərlər.
- 56) Satınalan təşkilat hansı hallarda qiymət təklifinin kənarlaşdırılması barədə qərar qəbul edir?
- Sahibkarlar tərəfindən təqdim edilmiş qiymət təklifi şərtlər toplusunun tələblərinə uyğun gəlmirsə, ehtimal olunan qiymətdən yüksəkdirsə,sahibkar hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmırsa, saxtakarlıq və maraqların ziddiyyəti halları mövcuddursa, satınalan təşkilat təklifin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir.
- 57) Qiymət təklifi həddindən artıq aşağı olduqda müsabiqədən kənarlaşdırıla bilərmi?
- Satınalan təşkilat hər hansı sahibkarın təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha çox aşağı olmasını müəyyən etdiyi hallarda, satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən sahibkardan onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat alır. Bundan sonra da şübhələr qaldıqda belə təkliflərin rədd edilməsi barədə qərar qəbul edə bilər. Bu qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilməlidir.
- 58) Satınalan təşkilat hansı hallarda bütün təklifləri kənarlaşdıra bilər?
- Satınalan təşkilat tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə, tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda və tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda bütün təkliflərin rədd edilməsi barədə qərar qəbul edə bilər. Bu qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilməlidir.
- 59) Tender təklifinin təminatı hansı hallarda geri qaytarılır?
- 1. tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqda; 2. tender prosedurları ləğv olunduqda; 3. İddiaçılar tenderdə ilk üç yerdən birini tutmayıbsa, tenderin nəticələrinə dair qərar qəbul olunduqdan sonra; 4. tender təklifinin qüvvədə olma müddətinin uzadılması təklifini qəbul etməyən iddiaçılara, tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqdan sonra; 5. tender qalibinə, satınalma müqaviləsi imzalandıqdan və müqavilənin yerinə yetirilməsi üçün təminat verildikdən sonra; 6. tenderdə ikinci və üçüncü yerləri tutan iddiaçılara, tender qalibi ilə bağlanan satınalma müqaviləsi qüvvəyə mindikdən sonra.
- 60) Tender təklifin təminatı nədir və hansı müddətdə qüvvədə olmalıdır?
- Tender təklifin təminatı iddiaçının tender təklifi üzrə satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə verilən təminatdır. Tender təklifinin təminatı təklifin ümumi qiymətinin 1 faizi məbləğində olmaqla, təklifin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
- 61) Tenderin əsas şərtlər toplusuna dair suallar yarandıqda, sahibkar nə etməlidir?
- Sahibkarlar şərtlər toplusunun izah edilməsi ilə bağlı təkliflərin verilməsi müddətinin qurtarmasına azı 4 bank günü qalanadək tender komissiyasına sorğu verə bilər. Tender komissiyası belə sorğulara təkliflərin verilmə müddətinin bitməsinə azı 2 bank günü qalanadək cavab verməlidir. Bu cavab sorğu verənin ünvanı göstərilmədən şərtlər toplusunu alan bütün iddiaçılara göndərilməlidir.
- 62) Sahibkarlar satınalma prosedurundan və ya nəticəsindən narazı qaldıqda nə etməlidir?
- Sahibkarlar satınalma müqaviləsi qüvvəyə minənə qədər ilk olaraq satınalan təşkilatın rəhbərinə yazılı olaraq şikayət verə bilər. Şikayət ona əsas verən haldan iddiaçının xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü ərzində verilməlidir. Satınalan təşkilatın rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü, elektron satınalmalara münasibətdə isə 10 bank günü ərzində yazılı qərar çıxarmalı, qərarda onun səbəblərini əsaslandırmalı, şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirləri göstərməlidir.