ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət satınalmaları

Dövlət satınalmaları nədir?

  1. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dövlət satınalmalarına nəzarət sahəsində fəaliyyəti nədən ibarətdir?
  2. Keçirilən və keçirilmiş dövlət satınalmaları ilə bağlı haradan məlumat əldə etmək olar?
  3. Sahibkarlar dövlət satınalmalarında necə və hansı şərtlərlə iştirak edə bilərlər?
  4. Satınalma prosesindən və ya nəticəsindən narazı qaldıqda nə edilməlidir?

 

  1. Dövlət satınalmaları nədir?

Dövlət satınalmaları - malların (işlərin və xidmətlərin) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş üsullarla dövlət vəsaiti hesabına əldə edilməsidir.

 

  1. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dövlət satınalmalarına nəzarət sahəsində fəaliyyəti nədən ibarətdir?

 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət vəsaitləri hesabına malların, işlərin və xidmətlərin satın alınması sahəsində dövlət siyasətini həyata keçirir. Bu məqsədlə Dövlət Xidməti:

  • Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində iştirak edir;
  • Dövlət vəsaiti hesabına malların, işlərin və xidmətlərin müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə satınalma prosedurlarını 7 bank gününədək dayandırır və zəruri hallarda satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırır;
  • Dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir, məsləhətlər verir, mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üçün kurslar yaradır, seminarlar və konfranslar keçirir, müvafiq tədris-metodiki materialları hazırlayır;
  • Dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirir, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir;
  • Dövlət satınalmaları üzrə illik hesabatları hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir.
  • Dövlət satınalmaları üzrə tenderlər, təkliflər və kotirovka sorğuları barədə elanlar və onların nəticələrinə dair məlumatların yerləşdirildiyi dövlət satınalmalarının rəsmi internet saytını yaradır;
  • Satınalan təşkilatların, malgöndərənlərin dövlət satınalmalarının vahid internet portalından istifadə etmələri üçün onlara metodiki köməklik göstərir, məsləhətlər verir;
  • Dövlət satınalmalarının vahid internet portalında mövcud olan informasiya resurslarının təhlükəsizliyinin qorunması üçün tədbirlər görür.

 

  1. Keçirilən və keçirilmiş dövlət satınalmaları ilə bağlı haradan məlumat əldə etmək olar?

    Müsabiqə əsaslı satınalmaların keçirilməsi barədə elanlar və həmin müsabiqələrin nəticələri, o cümlədən bağlanmış müqavilələrə dair məlumatları dövlət satınalmalarının vahid internet portalından (etender.gov.az) əldə etmək olar.  

 

  1. Sahibkarlar dövlət satınalmalarında necə və hansı şərtlərlə iştirak edə bilərlər?

        Sahibkarlar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda və əsas şərtlər toplusunda (kotirovka sorğusu şərtlərində və ya təkliflər sorğusunda) müəyyənləşdirilmiş qaydada və şərtlərə uyğun olaraq dövlət satınalmalarında iştirak edə bilərlər.

 

  1. Satınalma prosesindən və ya nəticəsindən narazı qaldıqda nə edilməlidir?

      Satınalma prosesindən və ya nəticəsindən narazı qalmış sahibkar satınalma müqaviləsi qüvvəyə minənə qədər ona əsas vermiş hallardan xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü ərzində ilk olaraq satınalan təşkilatın rəhbərinə şikayət etməlidir. Satınalan təşkilatın rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (elektron satınalmalarla münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarmalı, qərarda onun səbəbləri əsaslandırılmalı və şikayət tam və ya qismən təmin edildiyi halda vəziyyətin düzəldilməsi üçün zəruri tədbirlər göstərilməlidir.

Satınalma müqaviləsi qüvvəyə mindikdə və ya satınalan təşkilat 20 bank (elektron – 10 bank) günü ərzində qərar çıxarmadıqda və ya çıxarılan qərardan razı qalmadıqda malgöndərən 15 bank günü ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yazılı olaraq Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84 ünvanına məktub və ya office@competition.gov.az -a elektron müraciət göndərməklə şikayət verə bilər.

Dövlət Xidməti şikayət üzrə 20 bank günü (elektron – 10 bank günü) ərzində yazılı qərar çıxarmalı və həmin qərarda onun səbəblərini əsaslandırmalıdır.

Şikayət verilməsi prosedurları nəticəsində maraqlarına toxunulan və ya toxunula bilən hər hansı malgöndərənin (podratçının) və ya dövlət orqanının şikayət vermək hüququ vardır. Şikayət etməmiş malgöndərən (podratçı) sonradan eyni tələblə müraciət hüququndan məhrum olur.

Malgöndərənlər (podratçılar) satınalan təşkilatın və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarlarından Azərbaycan Respublikasının məhkəmələrinə şikayət vermək hüququna malikdirlər. Həmçinin tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir.

Qanunvericiliklə bağlı yaranmış suallarla əlaqədar “etender.gov.az” saytının “Tez-tez verilən suallar” bölməsi ilə tanış ola və cavabını tapmadığınız digər suallar ilə bağlı 599-76-00/82/83 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Dövlət satınalmalarının vahid internet portalında yaranmış texniki suallarla bağlı (+99412) 310 86 67 nömrəsi ilə əlaqə saxlaya, habelə office@competition.gov.az  elektron poçt, etender.gov.az portalının “Bizimlə əlaqə” bölməsi vasitəsilə, həmçinin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küç., 84 ünvanına məktub göndərməklə müraciətlərinizi ünvanlaya bilərsiniz.

Digər hallarla bağlı birbaşa satınalan təşkilatla əlaqə saxlamağınız tövsiyə olunur.