Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam, texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarəedilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət siyasətinin hazırlanmasında iştirak edən və həyata keçirilməsini təmin edən, qeyd edilən, həmçinin istehlak bazarına nəzarət sahələrində (bundan sonra – müvafiq sahədə) öz səlahiyyətləri daxilində dövlət nəzarətini və tənzimlənməsini təmin edən icra hakimiyyəti orqanıdır.
Dövlət Xidmətinin əsas missiyası ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən azad rəqabətin və sahibkarlığın effektiv müdafiəsinin təmin olumasına şərait yaradılmasıdır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) Azərbaycan Respublikası Prezidentinin 2020-ci il, 23 oktyabr tarixli Fərmanı ilə yaradılmışdır və 2020-ci il 12 may tarixli Fərmanla təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq fəaliyyət istiqamətləri aşağıdakılardır.
Antiinhisar siyasəti, rəqabətin qorunması və reklam fəaliyyətinə dövlət nəzarəti
Bazar iqtisadiyyatı şəraitində təməl prinsiplərdən hesab olunan sərbəst rəqabətin mövcudluğu sosial ədalətin və iqtisadi səmərəliliyin təmin edilməsinə, texnoloji inkişafa nail olunmasına, azad sahibkarlıq, demokratik hüquq və azadlıqlar üçün zəmin yaradılmasına, bütövlükdə, iqtisadiyyatın səmərəli təşkili və dayanıqlı inkişafına, resursların səmərəli istifadəsinə və sosial rifaha nail olunmasına xidmət edir. Bu, malların (işlərin və xidmətlərin) rəqabət qabiliyyətinin artırılmasına, istehlakçılar üçün seçim imkanlarının genişlənməsinə səbəb olur. Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarında və öz əsasnaməsində müəyyən olunmuş vəzifələrə, hüquqlara və səlahiyyətlərə əsaslanaraq iqtisadiyyatda sərbəst rəqabətə şərait yaratmaq, rəqabət prinsiplərini və sahibkarlığı effektiv qorumaq məqsədilə:
- təsərrüfat subyektlərinin bazara sərbəst daxil olmasına şərait yaradılmasını, bazara girişlə bağlı inzibati, hüquqi və ayrıseçkilik maneələrinin aşkar edilməsini, qarşısının alınmasını və aradan qaldırılmasını təmin edir;
- rəqabəti məhdudlaşdıran sazişlərin (o cumlədən, kartellərin), razılaşdırılmış fəaliyyət və ya müəssisə birliklərinin qərarlarının və hərəkətlərin, hökmran mövqedən sui istifadənin aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması, nisbətən iri həcmli birləşmələrə və payların (səhmlərin) satınalınmasına (təmərküzləşmələrə) nəzarət etməklə yeni inhisarların yaranmasına yol verilməməsi ilə bağlı tədbirlər görür;
- haqsız rəqabətin qarşısının alınması və aradan qaldırılması sahəsində tədbirlər həyata keçirir;
- bazarlarda rəqabət şəraitinin üstünlük təşkil etməsini təmin etmək məqsədilə rəqabətə mənfi təsir göstərə bilən və ya məhdudlaşdıra bilən müxtəlif qanun və qaydalarla əlaqədar aidiyyəti dövlət qurumlarına və təşkilatlara rəylər təqdim etmək üçün nazirliyin rəhbərliyinə təkliflər verir;
- təbii inhisar subyektlərinin fəaliyyəti və dövlət inhisarında olan xidmətlərlə bağlı nəzarət və tənzimləmə tədbirləri həyata keçirir;
- bazarda rəqabəti pozan, qarşısını alan və ya məhdudlaşdıran əməllərlə bağlı geniş araşdırmalar və təhqiqatlar apararaq qanun pozuntularının aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması barədə tədbirlər görür;
- reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirir, reklam haqqında qanunvericiliyin tələblərinə cavab verməyən reklam yayımının qarşısının alınması və qanun pozuntularının aradan qaldırılması barədə tədbirlər görür.
İstehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət
Dövlət Xidməti Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, habelə digər sahəvi qanunlarına əsasən istehlakçıların sərbəst seçim, keyfiyyətli və təhlükəsiz mal, iş və xidmətlər əldə etmək, məlumat almaq və digər hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması, bazara keyfiyyətsiz , təhlükəli malların çıxarılmasının qarşısının alınması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görür, eləcə də ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir. Bununla əlaqədar, yararlılıq müddəti ötmüş,satışı qadağan olunmuş, saxta, mənşəyi məlum olmayan, istifadəyə yararsız, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən, insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli malların (işlərin,xidmətlərin), əmtəə partiyalarının satışının dayandırılması, satışdan (dövriyyədən) çıxarılması ilə bağlı tədbirlər görür;
Dövlət satınalmalarına nəzarət
Dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsində iştirak etmək, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Dövlət Xidməti:
- dövlət satınalmaları zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət edir, bütün malgöndərənlərin satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədilə tədbirlər görür;
- dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması sahəsində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir, satınalan təşkilatın qərarlarını təsdiq edir, mübahisəli məsələləri araşdırır, satınalmalarla bağlı malgöndərənlərin (podratçıların) şikayətlərinə baxır, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurlarının qanunla müəyyən edilmiş müddətə dayandırılması və lazım gəldikdə tenderin nəticələrinin ləğv edilməsi barədə tədbirlər görür;
- dövlət satınalmalarının vahid internet portalının operatoru funksiyalarını yerinə yetirir;
- dövlət satınalmaları sahəsində elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaradır, məsləhət xidmətlərinin göstərilməsini təşkil edir.
Metrologiya, standartlaşdırma və akkreditasiya
Dövlət Xidməti, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə beynəlxalq standartlara və tələblərə nail olunması, ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətinin dunya bazarları səviyyəsinə qaldırılması, əhalinin maddi rifahının yüksədilməsi və istehlakçıların tələbatının ödəniməsində təminatın və xidmət mədəniyyətinin qabaqcıl ölkələrin səviyyəsinə çatdırılması məqsədilə:
- dövlət kəmiyyət vahidlərinin etalonlarını təsdiq edir, standart nümunələrinin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında qərar qəbul edir, bu barədə sertifikatlar verir və ölçmə vasitələrinin dövlət reyestrini aparır;
- dövlət metroloji nəzarəti, habelə ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətinə nəzarəti həyata keçirir; ölçmə vasitələrinin kalibrlənməsi işlərini aparır, kalibrlənmə haqqında sertifikat verir və ya kalibrlənmə nişanı vurmaq hüququnu verir;
- “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin vahid dövlət reyestrinin aparılmasını və nəşrini təmin edir, standartların hazırlanmasını, qəbulunu, tətbiqini, standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri təşkil edir;
- “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanı həyata keçirir, uyğunluğu qiymətləndirən qurumların vahid dövlət reyestrini aparır;
- uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini aparır, habelə texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq və dərc etdirir;
- istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara nəzarət tədbirlərini həyata keçirmək, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə uyğun olmayan malların dövriyyədən çıxarılması barədə tədbirlər görür.