twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Abbasbəyli Məmməd Aslan oğlu

1975-ci il mayın 17-də Gəncə şəhərində anadan olub.

1992-1997-ci illərdə Azərbaycan Xəzər Universitetində Beynəlxalq əlaqələr və Bakı Dövlət Universitetində Hüquq üzrə ali təhsil alıb.

1999-cu ildə ABŞ-ın Perdyu Universitetində (Purdue University) ABŞ-ın xarici siyasət tarixi, 2000-ci ildə ABŞ-ın Corc Vaşinqton Universitetində (George Washington University) Hüquq üzrə magistr dərəcələri alıb.

2000-ci ildən ABŞ-ın Nyu-York ştatının Vəkillər Kollegiyasının (New York Bar) həqiqi üzvüdür.

Əmək fəaliyyətinə 2000-ci ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən “Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb və 2003-cü ilədək şirkətin Bakı ofisində fəaliyyətini davam etdirib.

2004-2008-ci illərdə“Azpetrol International Holdings B.V.”, “EUPEC Pipe-Coatings LLC” və “BP Group” kimi bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində çalışıb.

2009-2014-cü illərdə Azərbaycanda aktivlərin idarə olunması üzrə fəaliyyət göstərən “CRA Group” şirkətinin baş icraçı direktoru vəzifəsində çalışıb. Eyni dövrdə, mobil və stasionar rabitə və telekommunikasiya şirkətlərinin, xarici qızıl və əlvan metal hasilatı şirkətinin, neft-qaz və iri tikinti sənayəsi şirkətlərinin direktorlar şuralarının üzvü, həmsədri və sədri kimi fəaliyyət göstərib.

2013-2014-cü illərdə ADA Universitetinin biznes fakültəsinin Himayədarlar Şurasının üzvü və Şura nəzdindəki komitənin həmsədri olub.

2016-cı ildə Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib.

2019-2020-ci illərdə İqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

2020-ci Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının üzvü təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Evlidir, 3 övladı var.