1992-ci ildə Bakı şəhərində anadan olub.
2012-ci ildə Bakı Dövlət Universitetinin ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr səviyyəsinini bitirib. 2014-cü ildə Böyük Britaniyanın “Queen Mary” Universiteti, 2015-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından Ümumi iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi əldə edib.
Əmək fəaliyyətinə 2011-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni Mərkəzində iqtisadçı vəzifəsində başlayıb, 2013-cü ilədək burada çalışıb. 2015-2016-cı illərdə Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsində aparıcı məsləhətçi vəzifəsində əmək fəaliyyətini davam etdirib.
2016-2017-ci illərdə “TAN” MMC-də direktor, 2017-2018-ci illərdə Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsində daxili auditor, 2018-2019-cu illərdə Vergilər Nazirliyinin Vergi auditi baş idarəsində dövlət vergi müfəttişi, 2019-2024-cü illərdə həmin baş idarədə şöbə rəisi və baş idarənin rəis müavini vəzifələrində çalışıb.
2024-cü il aprel ayından bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.