Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən Rəqabət Məcəlləsi cari ilin iyul ayının 1-dən qüvvəyə minib. Məcəllədə bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti, eləcə də bu sahədə rəqabət orqanının səlahiyyətləri ilə bağlı müddəalar da öz əksini tapıb.
Mövzu ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyevin Trend-ə müsahibəsini təqdim edirik:
- Şahin müəllim, Rəqabət Məcəlləsində rəqabət qanunvericiliyinə dövlət nəzarəti ilə bağlı mühüm məsələlər təsbit olunub. Bu nəzarət mexanizmləri nədən ibarətdir? Qısaca məlumat verməyinizi xahiş edirik.
- İlk növbədə qeyd edim ki, Rəqabət Məcəlləsinin əsas məqsədlərindən biri ölkəmizdə azad və sağlam rəqabət mühitinin təmin edilməsi və inkişafına şəraitin yaradılmasıdır. Bununla əlaqədar olaraq, bazarlarda rəqabətin pozulması hallarının qarşısının alınması, eləcə də bu istiqamətdə nəzarət tədbirlərinin həyata keçirilməsi vacib məsələdir. Əvvəlki qanunvericilikdə bu məsələlər öz əksini tapsa da, Rəqabət Məcəlləsi ilə müvafiq sahədə dövlət nəzarəti mexanizmləri daha da təkmilləşdirilib.
Məlumdur ki, rəqabətin pozulması halları bazar iştirakçılarının müxtəlif hərəkətləri nəticəsində baş verə bilər. Məcəlləyə əsasən, sözügedən pozuntu hallarını rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər, hökmran mövqedən sui-istifadə, nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektləri tərəfindən sui-istifadə hərəkətləri, haqsız rəqabət və təsərrüfat subyektlərinin təmərküzləşməsi istiqamətləri üzrə qruplaşdırmaq olar. Xüsusilə vurğulanmalıdır ki, Məcəllədə təbii inhisar sahəsində dövlət tənzimlənməsi ilə bağlı məsələlər ayrıca göstərilib.
Məcəllə ilə bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin rəqabət orqanı, yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçilməsi müəyyən edilib. Bazarda rəqabətin təmin olunması, qorunması və inkişafına daha effektiv nəzarətin təşkil edilməsi üçün rəqabət orqanının statusu, vəzifələri və hüquqları, habelə bazar subyektlərinin hüquq və vəzifələri də Məcəllədə öz əksini tapıb.
Məcəlləyə əsasən, bazar subyektlərində rəqabət orqanı tərəfindən araşdırmalar və yoxlamalar aparıla bilər. Rəqabət qanunvericiliyinin pozulmasına dair bazar subyektləri və ya ayrı-ayrı şəxslərdən müraciətlər, məlumatlar daxil olarsa, mediada və ya sosial şəbəkələrdə rəqabət qanunvericiliyinin pozulması əlamətlərini əks etdirən məlumatlar dərc olunarsa, müvafiq bazarda rəqabət orqanının həyata keçirdiyi monitorinqlər, təhlillər və yoxlamalar nəticəsində pozuntu əlamətləri aşkar olunarsa, rəqabət orqanı tərəfindən araşdırma həyata keçirilə bilər. Yeri gəlmişkən, qeyd edim ki, araşdırmaların nəticələri barədə məlumatlar mütəmadi olaraq rəqabət orqanının rəsmi internet səhifəsində dərc edilir.
Bundan əlavə, sağlam rəqabətin inkişafını stimullaşdırmaq, maneələri aradan qaldırmaq və ya onları azaltmaq məqsədilə rəqabət orqanı tərəfindən yoxlamalar keçirilir. Yoxlamalar bazar subyektlərində rəqabət qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə, işə baxılma zamanı zərurət yarandıqda, aparılan araşdırmalar zamanı əlavə sübutlara zərurət yarandıqda aparılır.
Rəqabət orqanının rəqabətin pozulması hallarının qarşısını almaq və ya həmin halları aradan qaldırmaq məqsədi ilə bazar subyektlərinə icrası məcburi olan göstərişlər vermək hüququ var. Əgər qanun pozuntularının könüllü aradan qaldırılması ilə bağlı bazar subyekti müraciət edərsə, bu zaman rəqabət orqanının qərarı ilə araşdırma və ya yoxlama üzrə icraat dayandırılır və həmin qanun pozuntularının aradan qaldırılması üçün bazar subyektinə əlavə vaxt verilir.
- Bəs rəqabət orqanı tərəfindən işlərə baxılması prosesi necə həyata keçirilir?
- Məcəllədə həmçinin rəqabət orqanının işlərə baxmasına dair normativ çərçivə də təkmilləşdirilib. Bu isə öz növbəsində tənzimləyici orqanın effektiv qərar qəbuletmə, daha təkmil bazar monitorinqi və araşdırma aparmasına şərait yaradır. Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət orqanı tərəfindən rəqabət komissiyası yaradılır. Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunur.
Rəqabət orqanı tərəfindən aparılan araşdırmalar və yoxlamalar zamanı bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin müəyyən edilməsi həmin subyektlər barəsində iş qaldırılması üçün əsasdır. Pozuntu əlamətləri üzrə iş qaldırılması rəqabət komissiyasının qərarı əsasında həyata keçirilir. Rəqabət orqanının Məcəlləyə uyğun olaraq qəbul etdiyi qərarlar aidiyyəti bazar subyektləri üçün məcburi xarakter daşıyır.
Rəqabət komissiyasının iclasları zamanı təsərrüfat subyektləri üçün öz mövqeyini əsaslandırması, mülahizələrini və sübutlarını təqdim etməsi üçün vaxt müəyyən edilir.
- Şahin müəllim, qeyd etdiniz ki, bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti rəqabət orqanı tərəfindən həyata keçirilir. Bəs ümumilikdə dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi necə təmin olunacaq?
- Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsinin təmin olunması rəqabət siyasətinin əsas prinsiplərindən biridir. Bu prinsiplərə təsərrüfat subyektləri ilə yanaşı, dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar da riayət etməklə rəqabət mədəniyyətini təşviq etməlidirlər. Bu çərçivədə Məcəllədə dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların rəqabət qanunvericiliyinə zidd olan hərəkətləri barədə müddəalar yer alıb. Məsələn, təsərrüfat subyektlərinin satdığı məhsulun qiymətləri üzərində nəzarətin həyata keçirilməsi, Azərbaycan Respublikasının ərazisində məhsulun hərəkətinə qadağaların tətbiqi, kapital qoyuluşlarına, habelə iqtisadiyyatın müxtəlif sahələri arasında maliyyə vəsaitinin sərbəst hərəkətinə maneələrin yaradılması və s. kimi hərəkətlər qadağan edilir. Rəqabət orqanı qeyd olunan qanunsuz hərəkətlərin əlamətlərini müəyyən etdikdə, onların qarşısının alınması, aradan qaldırılması, habelə tənzimləyici qurumlar tərəfindən həyata keçirilən tənzimləmə tədbirlərinin rəqabət qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsi məqsədilə Məcəllənin müvafiq müddəalarına əsasən tədbirlər görür.
- Yeni qanunvericilikdə təsərrüfat subyektlərinə hər hansı subsidiya və digər dövlət yardımlarının verilməsinin rəqabətə təsirlərinin qiymətləndirilməsi ilə bağlı müddəalar var. Bunun əhəmiyyəti nədir?
- Bazar iqtisadiyyatı şəraitində sahibkarlığın və iqtisadiyyatın inkişafı üçün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən iqtisadiyyatın müəyyən sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinə subsidiya və digər dövlət yardımları verilir. Lakin bu cür yardımların göstərilməsi rəqabətə mənfi təsir göstərməməlidir. Buna görə də Məcəlləyə əsasən, rəqabət orqanı dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən iqtisadiyyatın müəyyən sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinə subsidiya və digər dövlət yardımlarının verilməsinin və tənzimləmə tədbirlərinin rəqabətə təsirini mütəmadi olaraq qiymətləndirir. Qeyd edilən subsidiya və digər dövlət yardımlarının rəqabətə təsirlərinin qiymətləndirilməsinə dair rəqabət orqanının məşvərətçi rəyi alınır. Bunun əsas məqsədi azad rəqabət mühitinin inkişafı, biznes subyektlərinə münasibətdə ayrı-seçkiliyin və istehlakçı hüquqlarının pozulmasının qarşısının alınmasıdır.
Rəqabət orqanı subsidiya və digər dövlət yardımlarının verilməsinin və tənzimləmə tədbirlərinin rəqabətə olan mənfi təsirlərini aradan qaldırmaq məqsədilə dövlət orqanlarına, yerli özünüidarəetmə orqanlarına, habelə tənzimləyici qurumlara təkliflər də verə bilər.
- İstərdim, bir qədər aşkar olunan pozuntuların təsnifləşdirilməsi və onlara dair məsuliyyət tədbirləri barədə məlumat verəsiniz.
İlk olaraq qeyd edim ki, Rəqabət Məcəlləsində təsbit olunan məsuliyyət tədbirləri iqtisadi ədalət sisteminin təmin olunması və rəqabət mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Başqa sözlə desək, məsuliyyət tədbirləri ilə bağlı Məcəllədəki müddəlar “cəzalandırma” kimi başa düşülməməlidir.
Ümumiyyətlə, maliyyə sanksiyalarının tətbiqi təsərrüfat subyektinin əvvəlki maliyyə ilində olan ümumi dövriyyəsindən asılı olaraq müəyyən edilir. Bu baxımdan Məcəllədə rəqabət qanunvericiliyinin pozulması pozuntu hallarına görə təsnifləşdirilib və buna müvafiq olaraq təsərrüfat subyektlərinin ümumi dövriyyəsinin 3 faizi, 5 faizi və 10 faizinə qədər məbləğdə maliyyə sanksiyasının tətbiq edildiyi hallar öz əksini tapıb. Eyni zamanda, maliyyə sanksiyalarını yüngülləşdirən və ağırlaşdıran amillər, onlardan azadolma və güzəşt halları da əks olunub. Bu isə öz növbəsində qanunvericiliyin pozulmasına yol vermiş təsərrüfat subyektlərini pozuntunu könüllü aradan qaldırmağa və rəqabət orqanı ilə əməkdaşlıq etməyə təşviq edəcək.
Nəticə etibarilə, Rəqabət Məcəlləsi ölkədə azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, bu sahədə tənzimlənməni, habelə məsuliyyəti müəyyən edir. Bu isə, öz növbəsində, sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradacaq və bu prosesdən həm sahibkarlıq subyektləri, həm də geniş ictimaiyyət faydalanacaq.