twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Əhməd Həsənov: “Əsas məqsəd satınalmanın ədalətlilik və rəqabətlilik prinsiplərinin təmin edilərək həyata keçirilməsidir”

Məlumdur ki, cari ilin 1 yanvar tarixindən “Dövlət satınalmaları haqqında” yeni Qanun qüvvəyə minib. Yeni Qanun müasir çağırışlara cavab verməklə dövlət satınalmaları sahəsində şəffaflığı və intizamlılıq səviyyəsini artırmağı, çeviklik tələblərini nəzərə almağı, dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadəni təmin etməyi, sui-istifadə hallarını minimallaşdırmağı, nəzarət imkanlarını genişləndirməyi, elektron satınalmalara keçidi təmin etməyi hədəfləyib.

Yeni Qanunda nəzərdə tutulan təkmilləşmələr və hüquqi alətlər barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənovun Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) “Finansist” jurnalına müsahibəsini diqqətinizə çatdırırıq:

 

Əhməd müəllim, “Dövlət satınalmaları haqqında” yeni Qanunun gətirdiyi əsas yeniliklər nələrdən ibarətdir?

Qeyd etdiyiniz kimi, “Dövlət satınalmaları haqqında” yeni Qanunda əsas dəyişikliklər Qanunun tətbiq dairəsinin genişləndirilməsi, dövlət satınalmalarına nəzarətin gücləndirilməsi, dövlət satınalmalarının elektronlaşdırılması, təkliflərin cəlb edilmə müddətlərinin optimallaşdırılması, daha çox sayda sahibkarlıq subyektinin satınalmalarda iştirakının təmin edilməsi və s. bu kimi məsələləri əhatə edir.

Ümumilikdə isə dəyişikliklərin edilməsində əsas məqsəd satınalan təşkilatlar tərəfindən dövlət satınalmalarının düzgün planlaşdırılması və onların səmərəli təşkili ilə sağlam rəqabət mühitinin inkişaf etdirilməsi, eləcə də bu sahədə şəffaflığın və intizamlılıq səviyyəsinin artırılmasıdır.

Yeni Qanun maliyyələşmə mənbəyindən asılı olmayaraq (Müşahidə Şurasının tərkibi cənab Prezident tərəfindən təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən öz vəsaitləri hesabına satınalmalar istisna olmaqla), satınalan təşkilatlar tərəfindən həyata keçirilən bütün dövlət satınalmalarını əhatə edir. Belə ki, Qanunda “dövlət vəsaiti” anlayışı “maliyyə vəsaiti” anlayışı ilə əvəz edilib və sözügedən anlayış həm dövlət vəsaitini, həm də dövlət vəsaitinə aid edilməyən, lakin satınalan təşkilatların istifadəsində (sərəncamında) olan bütün növ pul vəsaitlərini ehtiva edir.

Yeni Qanunun tətbiqi həm də dövlət vəsaitindən qənaətlə və səmərəli istifadəni təmin etməklə rəqabətədavamlı, keyfiyyətli mal, iş və xidmətlərin əldə olunmasına zəmin yaradacaq. Belə ki, yeni qanunvericilikdə satınalma metoduna və ehtimal olunan qiymətin məbləğinə uyğun olaraq sahibkarların peşəkarlığı, təcrübəsi, maliyyə imkanları, texniki imkanları və maddi-texniki bazası, işçi qüvvəsinin olması ilə bağlı tələblərin satınalan təşkilat tərəfindən şərtlər toplusunda müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.

 

Şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik prinsiplərinin təmin edilməsi məqsədilə elanın dərc edildiyi vaxtdan etibarən ehtimal olunan qiymətin dövlət satınalmalarının vahid internet portalında göstərilməsi nəzərdə tutulmuşdur ki, bu da sahibkarlara öz qiymət təkliflərini daha düzgün və rəqabətədavamlı formalaşdırmağa öz töhfəsini verir.

Bundan əlavə, şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik prinsiplərinin təmin edilməsi məqsədilə bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı razılığın əldə olunması, habelə müqavilənin bağlanması şərtlərinə dair yeni prosedur qaydaları müəyyən olunub.

Yeniliklərdən biri də ondan ibarətdir ki, benefisiar mülkiyyətçisi eyni olan, habelə satınalan təşkilatdan və satınalan təşkilatla eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan təchizatçıların eyni satınalmalarda iştirakının yolverilməzliyi də yeni Qanunda müəyyən edilib.

Bundan əlavə, dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının stimullaşdırılması məqsədilə kotirovka sorğusu metodu ilə keçirilən satınalmaların ehtimal olunan qiymət 30 000 manatadək olduqda yalnız mikro və kiçik, ehtimal olunan qiymət 30 000 manatdan 100 000 manatadək olduqda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilməsi müəyyənləşdirilib.

Eyni zamanda, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla bütün sahibkarlardan satınalma müqaviləsinin ümumi məbləğinin 10 faiz həcmində icra təminatı tələb olunduğu halda, mikro və kiçik sahibkarlıq subyektləri üçün bu məbləğ satınalma müqaviləsinin ümumi məbləğinin 5 faizi həcmində müəyyən edilmiş, habelə digər sahibkarlıq subyektlərinə satınalma müqaviləsinin ümumi məbləğinin 30 faizi həcmində avansın ödənilməsi nəzərdə tutulduğu halda, qalib mikro və kiçik sahibkarlıq subyektlərinə ödəniləcək avansın həcmi müqavilənin 50 faizini təşkil edəcək. 

Satınalmalarda çevikliyin və davamlılığın təmin edilməsi üçün Qanunda nəqliyyat vasitəsi, maşın, dəzgah, avadanlıq, texnika və qurğulara dövri və ya təkrar texniki xidmətin göstərilməsi məqsədilə açıq tender və ya kotirovka sorğusu metodlarını tətbiq etməklə “çərçivə sazişləri”nin bağlanması üçün imkanlar nəzərdə tutulub.

Yuxarıda qeyd olunanlarla yanaşı, sahibkarların pozulmuş hüquqlarının bərpası üçün təkliflərin qiymətləndirilməsi başa çatdıqdan sonra qalibin təklifi aksept edilənədək 5 günlük “gözləmə müddəti”nin tətbiq edilməsi nəzərdə tutulur. Bu yenilik satınalma başa çatdıqdan sonra verilə biləcək şikayətlərin və lüzumsuz yazışmaların qarşısını almış olacaqdır.

Qeyd etdiklərimlə yanaşı, qanunvericiliklə müəyyən edilmiş pozuntuya yol verən təchizatçıların 3 ildən çox olmamaq şərtilə, etibarsız təchizatçıların reyestrinə daxil edilməsi və göstərilən müddət ərzində həmin təchizatçıların satınalmalarda iştirakının yolverilməzliyi və s. hallar da Qanunda öz əksini tapıb.

 

 

Yeni Qanunda dövlət satınalmalarında rəqabəti təmin etmək üçün hansı mexanizmlər nəzərdə tutulub?

Əsas mexanizmlərdən biri dövlət satınalmalarının rəqəmsallaşdırılması ilə bağlıdır. Məxfi satınalmalar istisna olmaqla, digər bütün hallarda təkliflərin cəlb edilməsi üçün elanların “etender.gov.az” portalında dərc olunması, habelə ehtimal olunan qiymətdən və satınalma metodundan asılı olmayaraq, bütün satınalmalar elektron qaydada portal vasitəsilə keçirilir. Bu tənzimləmə bütün təchizatçılara bərabər rəqabət şəraitinin yaradılmasına xidmət etməklə yanaşı, həm də keçirilən satınalmaların nəticəsi barədə ictimaiyyətin məlumatlandırılmasına və ümumilikdə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradır.

Digər mexanizm təkliflərin cəlb edilməsi barədə elanların dərc edilməsi müddətlərinin optimallaşdırılmasından ibarətdir. Məsələn, açıq tender metodu üzrə ehtimal olunan qiymət 1 milyon manatadək olduqda təkliflərin açılması günündən azı 15 iş günü, 1 milyon manatdan 10 milyon manatadək olduqda azı 20 iş günü, 10 milyon manat və ondan çox olduqda azı 30 iş günü əvvəl elanın portalda dərc olunması nəzərdə tutulub. Bununla da, ehtimal olunan qiymət və satınalma metoduna uyğun olaraq tələb olunan sənədlərin həcmi nəzərə alınmaqla satınalmada iştirak etmək istəyən təchizatçılar tərəfindən satınalma prosedurunda tələb olunan sənədlərin vaxtında və düzgün şəkildə təqdim olunması üçün şərait yaradılıb.

Bundan əlavə, mikro, kiçik və orta sahibkarlıq subyektləri arasında rəqabətin təmin edilməsi, onların dövlət satınalmalarında iştirakına marağının artırılması məqsədilə kotirovka sorğusu metodu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymətin maksimum həddi 50 min manatdan 100 min manatadək qaldırılıb. Bu mexanizm təchizatçılara münasibətdə daha çox sayda sahibkarlıq subyektinin satınalma prosedurunda iştirakına, satınalan təşkilatlara münasibətdə isə kotirovka metodunu seçməklə daha sadələşdirilmiş qaydada satınalmaların keçirilməsinə imkan yaradır.

 

Yeni qaydalara əsasən satınalmalarda pozuntulara yol verən təchizatçılara qarşı hansı hüquqi tədbirlər nəzərdə tutulub?

Yeni qaydalara əsasən, satınalmalarda pozuntulara yol verən təchizatçılara münasibətdə pozuntunun xüsusiyyətindən asılı olaraq, təchizatçının təklifinin və ya icra təminatının geri qaytarılmaması və ya etibarsız təchizatçıların reyestrinə daxil edilməsi ilə nəticələnən prosedurlar nəzərdə tutulub.

Ümumiyyətlə, təchizatçı eyni satınalma üzrə birdən artıq təklif təqdim etdikdə və ya birdən artıq təklifdə iştirak etdikdə; təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan asılılığı olduqda; təchizatçılar arasında benefisiar mülkiyyətçi münasibətləri olduqda; təchizatçı satınalmanın istənilən mərhələsində saxta sənəd və ya məlumat təqdim etdikdə; satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə; təchizatçının aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq münasibətində olduqda; təchizatçı satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırdıqda və ya 1 təqvim ili ərzində 3 və ya daha çox satınalma müqaviləsinin bağlanılmasından imtina etdikdə, habelə icra təminatını və ya tələb olunduğu halda avans təminatını 1 təqvim ili ərzində 3 dəfədən artıq təqdim etmədikdə; təchizatçılar satınalmanın istənilən mərhələsində Qanunun tələblərinə zidd digər hərəkət və ya hərəkətsizliyə yol verdikdə etibarsız təchizatçı reyestrinə daxil edilir. Burada da əsas məqsəd satınalmanın ədalətlilik və rəqabətlilik prinsiplərinin təmin edilərək həyata keçirilməsidir.

 

Yeni Qanunda satınalmalara nəzarəti həyata keçirən inzibati orqanın rolu nədən ibarət olacaq?

Nəzarət orqanı satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı şübhələr olduqda onun dəqiqləşdirilməsi üçün satınalan təşkilatlara müraciət edə bilər. Satınalma planında kənarlaşmalar aşkar etdikdə isə aradan qaldırılmasını tələb edə bilər, satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak edə bilər, satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında, satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq, təchizatçıların həmin reyestrdə qalma müddəti barədə qərar qəbul edə bilər, satınalma ilə bağlı aparılan araşdırma zamanı normativ hüquqi aktların pozulmasına dair əsaslı şübhələr yarandıqda, təchizatçı tərəfindən satınalma müqaviləsinin təqdim olunmuş təklifinə uyğun icra edilməsi ilə yerində tanış olmaq məqsədilə satınalma predmetinə (onun icrasına) baxış keçirə bilər.

 

Dövlət satınalmalarının elektronlaşdırılmasının nə kimi əhəmiyyəti olacaq?

Yuxarıda da qeyd etdiyim kimi, artıq bütün satınalmalar “etender.gov.az” platforması üzərindən elektron formada həyata keçirilir. Bu isə sahibkarların dövlət satınalmalarına əlçatanlığını daha da artırıb. Əgər əvvəllər bir satınalmada 3-4 sahibkar iştirak edirdisə, hazırda bu say 10-a yaxın və bir çox hallarda 10-dan yuxarıdır.

Təchizatçıların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılması məqsədilə  müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin portal vasitəsilə real vaxt rejimində əldə olunması üçün artıq Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi ilə inteqrasiyalar həyata keçirilib və digər qurumlar ilə texniki işlər aparılır.

Elektronlaşma sayəsində Mərkəzi Bank ilə birlikdə bank təminatlarının dövlət satınalmalarının vahid internet portalına (etender.gov.az) inteqrasiyası həyata keçirilib. Yəni dövlət satınalmalarında iştirak edən sahibkarlar tərəfindən təqdim edilən bank təminatları elektronlaşdırılıb. Həmçinin Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidməti tərəfindən sahibkarlara verilən arayışlar da elektronlaşdırılıb. Belə ki, arayışların alınmasına dair müraciət yalnız portal vasitəsilə həyata keçirilir və real vaxt rejimində dərhal təqdim olunur. Beləliklə, elektronlaşma vasitəsilə sahibkarlar və satınalan təşkilatlar üçün vaxt itkisinin qarşısı alınmış olur və satınlama prosesləri daha da optimallaşdırılır.

Son olaraq bütün sahibkarları dövlət satınalmalarında aktiv iştiraka dəvət edirik.