Reklam – biznes fəaliyyətinin ayrılmaz hissəsidir. Məhsulun düzgün reklam edilməsi, istehlakçıda maraq oyatması, reklamın onu inandırması çox vacibdir. Reklam məhsulun sürətlə satılmasına birbaşa təsir göstərir. Yəni reklam istehlakçının diqqətini əmtəəyə cəlb etməli, onun barəsində məlumat verməklə yanaşı hər hansı fikir formalaşdırmaqla məhsula tələbat yaratmalıdır. Çünki reklam məhsul və ya şirkət haqqında inandırıcı informasiya vasitəsidir.
İqtisadiyyatın inkişafı, müasir informasiya vasitələrinin meydana gəlməsi reklam bazarının da genişlənməsinə şərait yaradıb. Belə olan halda da bəzən qanunsuz reklam üsullarından istifadə edilir, haqsız, qeyri-dəqiq və gizli reklamlara yol verilir. Əslində reklam istehlakçıların seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal və reklam etdiyi məhsul ilə eyni, yaxud onun əvəzedicisi olan başqa məhsul kimi təqdim edilməməlidir. Yəni rəqibin bazar nüfuzuna xələl gətirməməlidir. Aşağıdakı reklamların yayımlanması istehlakçıları çaşdırmağa yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir.
- əmtəənin mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə edilməsi;
- əmtəənin satışı, yaxud sövdələşmə zamanı istehlakçının sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
- istehlakçını çaşdıra bilən tərzdə öz əmtəəsinin rəqibin əmtəəsi ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya informasiya materialı kimi təqdim olunması;
- əmtəənin istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərlə (o cümlədən fərqləndirici nişan və ya marka ilə) təchiz edilməsi və bununla əlaqədar reklamın verilməsi;
- müəyyən edilmiş standartlara uyğun olmayan əmtəənin təklif edilməsi, yaxud əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
Ölkəmizdə mövcud olan reklam qanunvericiliyinə əsasən istehlakçıları çaşdırmağa yaxud aldatmağa yönəldilmiş bu cür reklamlar və ya haqsız, qeyri-dəqiq və gizli reklamların yayımlanması nəticəsində haqsız rəqabət yol verilməsinə görə ciddi maliyyə sanksiyaları və inzibati məsuliyyət tədbirləri nəzərdə tutulur.