twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidməti və “AmCham”ın təşkilatçılığı ilə istehlakçı hüquqlarının müdafiəsində biznes subyektlərinin rolunun artırılmasına dair tədbir keçirilib

Tədbirin keçirilməsində məqsəd istehlakçı hüquqlarının müdafiəsinin səmərəli təşkili və bu prosesdə sahibkarların rolunun artırılması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində istehlakçı-sahibkar münasibətlərinin inkişaf etdirilməsi və onlar arasında qarşılıqlı etimadın qurulmasına dəstək verməkdir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsində biznes subyektlərinin rolunun artırılması hesabına istehlakçılarda etibarın yaradılması” mövzusunda tədbir təşkil olunub. Tədbirdə dövlət qurumları, sahibkarlıq subyektləri, biznes assosasiyaları və ictimai təşkilatların 100-ə yaxın nümayəndəsi iştirak edib.

Tədbirdə çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov istehlakçı hüquqlarının müdafiəsində dövlət-özəl dialoqunun zəruriliyinə toxunub, istehlakçıya dəyən zərərin ödənilməsi hüququ, yəni mübahisələrin effektiv həlli və məlumat almaq hüquqlarının təmin olunmasında sahibkarların mühüm və danılmaz rolundan bəhs edib. Sahibkar-istehlakçı münasibətlərinin bütün mərhələlərində münasibətlərin ədalətlilik prinsipləri üzərində qurulmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bundan əlavə, Dövlət Xidməti tərəfindən bir sıra qanunvericilik aktlarına dəyişiklik layihələrindən söz açılıb, sahibkarların istehlakçı hüquqlarının qorunmasında rolunun artırılması, onlar tərəfindən istehlakçı müraciətlərinin operativ şəkildə baxılmasının təmin edilməsi və digər mühüm məsələlər diqqətə çatdırılıb. Eyni zamanda lazımi keyfiyyətli malların dəyişdirilməsi və qaytarılması qaydaları, həmin malların satışı zamanı istehlakçıların hüquqları, zəmanət öhdəlikləri ilə bağlı ziddiyyətlərin aradan qaldırılması məqsədilə istehlakçı hüquqlarını tənzimləyən qanunvericilik aktlarına bir sıra əlavə və düzəlişlərin təklif edilməsi vurğulanıb.

Tədbirdə çıxış edən AmCham-ın İdarə Heyətinin üzvü Rəna Məmmədova öz növbəsində tədbir iştirakçılarını salamlayaraq bildirib ki, AmCham üzvləri olan şirkətlər istehlakçıların maraqlarını üstün tutur və istehlakçı inamını gücləndirmək üçün yeni innovativ addımlar atmağa hazırdırlar: "İstehlakçı hüquq və maraqlarının təmin edilməsi hamımız üçün birinci dərəcəli prioritetdir. Bugünkü tədbirimiz istehlakçı hüquqlarının müdafiəsi, istehlakçı maraqlarının təmin edilməsi, istehlakçı inamının gücləndirilməsində yeni təşəbbüslərin axtarışına həsr edilib. AmCham-ı təmsil edən beynəlxalq və yerli şirkətlərimizin iştirakı ilə, dövlət qurumlarından olan dəyərli tərəfdaşlarımızla bu istiqamətdə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik".

Daha sonra tədbir istehlakçıların maarifləndirilməsi, istehlakçı əsaslı biznes təcrübələri, tənzimləyici siyasətlər, qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi, istehlakçı hüquqlarının müdafiəsində medianın rolu mövzularında panel müzakirələri ilə davam etdirilib.

Tədbirin gedişatı zamanı iştirakçıların sualları əsasında istehlakçı hüquqlarının qorunması sahəsində interaktiv müzakirələr aparılıb.

Qeyd: Azərbaycanda Amerika Ticarət Palatası qeyri-kommersiya assosiasiyası kimi 1996-cı ildə yaradılıb və 260-dan çox üzv şirkəti özündə birləşdirir.