twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
AFChamber üzvləri üçün dövlət satınalmaları sahəsində maarifləndirmə tədbiri keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFChamber) birgə təşkilatçılığı ilə sahibkarlar üçün “Rəqabət və dövlət satınalmalarının inkişafı: Tənzimləyici islahatlar” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə dövlət və özəl sektorun, biznes assosiasiyalarının və beynəlxalq şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov dövlət satınalmaları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və həyata keçirilən islahatlardan bəhs edib. Bildirilib ki, satınalmalarda şəffaflığın təmin edilməsi üçün yeni Qanunda məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, dəyəri və metodundan asılı olmayaraq, bütün satınalmaların “etender.gov.az” internet portalı vasitəsi ilə keçirilməsi, bütün satınalan təşkilatlar tərəfindən növbəti il üçün satınalma planının dərc edilməsi, satınalma komissiyasının məsuliyyətinin artırılması və digər vacib məsələlər nəzərdə tutulub. Yeni tənzimləmələrin bütün təchizatçılar üçün bərabər rəqabət şəraitinin yaradılmasına xidmət etməklə yanaşı, həm də ictimai nəzarətin həyata keçirilməsinə töhfə verəcəyi xüsusilə vurğulanıb.

AFChamber-in İcraçı direktoru Zibər Hüseynova dövlət-özəl tərəfdaşlığının təşviqində maraqlı olduqlarını bildirib, bu istiqamətdə sahibkarlıq subyektləri və biznes assosiasiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Tədbir “Dövlət satınalmaları haqqında” yeni Qanununun müddəaları barədə maarifləndirici təlimlə davam etdirilib. Dövlət satınalmalarında şəffaflıq və əlçatanlığın təmin edilməsinin vacibliyi, bir mənbədən satınalmanın mürəkkəbləşdirilməsi, benefisiar mülkiyyətçisi eyni olan subyektlərin və qarşılıqlı asılı olan şəxslərin eyni satınalmalarda iştirakının yolverilməzliyi və digər məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd: Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 12 may 2014-cü il tarixində Bakı şəhərində təsis edilib. Təşkilatın əsas missiyası dövlət və özəl sektor tərəfdaşlığını təşviq etmək, Azərbaycan və Fransa arasında biznes əlaqələrini daha da inkişaf etdirmək,  dövlət orqanları ilə dialoq çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıqların qurulmasını təmin etməkdir.