İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları üçün təlim keçirilib.
1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verib.
Sonra Dövlət Xidmətinin nümayəndələri keyfiyyət infrastrukturunun inkişafı, texniki tənzimləmə, sertifikatlaşdırma və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi prosedurları, dövlət satınalmalarının təşkilində rəqabətliliyin və səmərəliliyin təmin edilməsi mövzusunda təqdimatla çıxış ediblər. Təlim iştirakçılarına dövlət satınalmalarının təşkili, tender təkliflərinin qiymətləndirilməsi və digər satınalma prosedurları barədə məlumat verilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.