twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İstehlakçının mal və ya xidmət haqqında məlumat almaq hüququ

İstehlakçılar mal və ya xidmət haqqında məlumat almaq hüququna malikdirlər. Mal haqqında məlumat istehlakçıya hər bir halda onu çaşdırmayan, malın xüsusiyyətləri barədə birmənalı və anlaşılan formada verilməlidir.

Satıcı və ya icraçı mal və ya xidmət haqqında aşağıdakı məlumatları istehlakçılara verməyə borcludur:

- malın adı, onun qiyməti;

- istehsalçının yerləşdiyi yer, firma adı, tələblərin (iradların) verildiyi, təmir və ya texniki xidmət göstərən təşkilatın adı, yerləşdiyi ünvan;

-  malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatın və ya digər texniki normativ sənədin işarəsi;

- malın əsas xüsusiyyətləri və istehlak xassələri (tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri ilə müqayisəli miqdarı);

- malın səmərəli və təhlükəsiz istifadəsi qaydaları və şərtləri;

- zəmanət müddəti;

- əgər konkret mala dair belə müddətlər müəyyən edilmişdirsə və ya   müəyyən olunmalıdırsa xidmət və yararlılıq müddəti,

- təminat öhdəlikləri və iddiaların irəli sürülməsi qaydaları.

İstehlakçıların mal haqqında məlumat almaq hüququnun təmin edilməsi məqsədilə  ölkə ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Ölkəyə idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır.

Əgər satılan mal istifadə olunmuş maldırsa istehlakçıya bu barədə düzgün məlumat verilməlidir. Malın qüsurları haqqında satıcı istehlakçını həm şifahi, həm də yazılı formada (malın yararlılığı, əmtəə çeki, etiketi və ya sair üsulla) məlumatlandırmalıdır.

Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir. İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə satıcı və ya icraçı min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

İstehlakçının mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulması inzibati məsuliyyətə səbəb olur və İnzibati Xətalar Məcəlləsinə əsasən satıcı və ya icraçının iki yüz manat məbləğində cərimə edilməsini nəzərdə tutur.

Qeyd etmək istərdik ki, satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.