“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda hər bir istehlakçının istehlak olunan malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə və təhlükəsiz olması hüququ təsbit edilib. Sahibkarlar da bu hüququn realizə oluna bilməsi üçün dövriyyəyə çıxardığı malların keyfiyyətini və təhlükəsizliyini təmin etməyə borcludurlar!
Mallara verilən zəmanət müddətləri onların növündən, istehlak xüsusiyyətlərindən və başqa amillərdən asılı olaraq dəyişir. Qeyri-ərzaq mallarının əksəriyyətində zəmanət müddəti onun zəmanət talonunda, pasportunda və ya yarlığında göstərilir. Zəmanət müddəti əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddəti isə malın hazırlandığı gündən hesablanır. Tez xarab olan və insanların sağlamlığına, həyatına, əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların üzərində və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilir.
Yararlılıq müddəti ötmüş malların satışı isə qəti qadağandır!
İstehsalçı malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini təmin etməlidir. Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın özünün zəmanət müddətindən az olmamalıdır.
Alıcı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, satıcıdan tələb edə bilər: |
-lazımi keyfiyyətli mala dəyişdirməyi; |
-satış qiymətini uyğun məbləğdə azaltmağı; |
-malı həmin mala uyğun digər modelli, markalı və ya tipli mal ilə (dəyəri yenidən hesablanmaq şərti ilə) əvəz etməyi; |
-malın qüsurlarının satıcının hesabına aradan qaldırılmasını və qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini |
-müqavilənin ləğv edilməsini və dəymiş zərərin ödənilməsini |
Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır. Qüsuru zəmanət müddəti ərzində aşkar edilmiş malların geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərər sahibkar tərəfindən tam həcmdə ödənilməlidir.
Malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə və təhlükəsiz olması hüququnun pozulması həmçinin satıcı və ya icraçının inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olur.