Ödənişlərin heç yerə getmədən edilməsi, sifarişin qapıya çatdırılması rahatlığı, eləcə də dünyanın istənilən yerindən məhsul və xidmətlərə çıxış imkanları onlayn ticarətin ən üstün cəhətlərindəndir. Bütün dünyada olduğu kimi Azərbaycanda da son illər elektron ticarət getdikcə vüsət alır və bu sahədə müqavilə öhdəliklərinə əməl edilməsi aktuallaşır. Elektron ticarət zamanı satıcı ilə alıcı arasında müqavilələr elektron sənəd formasında bağlanır.
Azərbaycanda elektron ticarət həyata keçirən satıcı özü barədə alıcılara (sifarişçilərə) və səlahiyyətli dövlət orqanlarına bu məlumatları təqdim etməlidir: |
- hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı; - əlaqə məlumatları (telefon, faks, İnternet və elektron poçt ünvanları); - vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN); - malların, xidmətlərin və işlərin qiymətinə malın (xidmətin, işin) çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat; - ödənişlərin POS-terminal, İnternet şəbəkəsi və elektron pul kisəsi vasitəsi ilə aparılması barədə məlumatlar. |
Satıcının alıcılara təqdim etdiyi bütün məlumatlar Azərbaycan dilində və ya tərəflərin razılaşdırdığı digər dildə, xüsusi biliyə malik olmayan alıcı tərəfindən aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır. Qeyd olunan məlumatları təqdim etməyən satıcı və icraçılardan mal və ya xidmətlər sifariş etmək risklidir!
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara şübhəli hesab etdikləri internet satış səhifələrindən və sosial şəbəkələr vasitəsilə alış-veriş etməkdən çəkinməklərini, elektron ticarət edərkən çatdırılma anında ödəniş etməyə üstünlük vermələrini tövsiyə edir.