Hər kəs həyatında bir dəfə də olsa aldığı malı geri qaytarıb və ya qaytarmaq istəyib. Bu zaman əksər hallarda problem yaşanmasa da, bəzən satıcı malı geri qaytarmamaq üçün müxtəlif bəhanələr gətirir. Belə hallarla qarşılaşmamaq üçün istehlakçılar hüquqlarını bilməli, qorumalı və onları müdafiə etməkdən çəkinməməlidirlər.
İstehlakçı zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, o zaman aldığı malın lazımi keyfiyyətli malla, yaxud həmin mala uyğun digər modelli mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini və ya satış qiymətini uyğun məbləğdə azaltmağı tələb edə bilər.
Malın qüsurlarının satıcının (istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, eləcə də, müqavilənin ləğv edilməsini və ona dəymiş zərərin əvəzinin qarşılanmasını tələb edə bilər.