Görüşdə ixracatçılara “Mənşə sertifikatı” alt modulunda həyata keçirilmiş təkmilləşdirmələr barədə məlumat verilib, sistemin funksional imkanları və yenilənmiş elektron xidmətlərdən istifadə qaydaları izah edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Mənşə sertifikatı” alt modulunun tətbiqi və funksional imkanlarına dair növbəti maarifləndirici görüş keçirilib. Tədbirdə mənşə sertifikatı əldə etmiş və qida məhsullarının ixracı ilə məşğul olan 10-dan çox şirkətin nümayəndəsi iştirak edib.
Görüş zamanı Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev çıxış edərək “E-keyfiyyet.gov.az” platformasının funksional imkanları barədə məlumat verib, mənşə sertifikatlarının cari ildən etibarən bu platforma üzərindən tam elektron qaydada verildiyini vurğulayıb.
Tədbir çərçivəsində mənşə sertifikatının alınması üçün elektron müraciət qaydaları, şəxsi kabinet vasitəsilə müraciətlərin icra vəziyyətinin izlənilməsi, verilmiş sertifikatlar barədə məlumatların əldə olunması prosedurları izah edilib. Həmçinin elektron xidmətdən istifadə qaydalarını, modul üzərindən təqdim edilmiş sertifikatlara dair statistik göstəriciləri, eləcə də ixracatçıların təklifləri əsasında sistemdə həyata keçirilmiş yenilikləri və gələcək təkmilləşdirmələri əks etdirən təqdimat nümayiş etdirilib.
Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx ilə Agentliyin rəsmi “Youtube” kanalı (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə tanış olmaq mümkündür.











