27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib.
Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Agentlikdə Anım Gününə həsr olunmuş tədbir də keçirilib.
Tədbirin açılışında Agentliyin sədri Elnur Bağırov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyi altında Vətən müharibəsi iştirakçılarının göstərdiyi qəhrəmanlıq sayəsində qazanılan tarixi Zəfərdən bəhs edib, onların keçdiyi şərəfli yolun və Vətən qarşısındakı xidmətlərinin gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir çərçivəsində qəhrəman hərbçilərimizin Vətən uğrunda döyüşlərdə göstərdiyi şücaəti əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda müharibə iştirakçıları və onların ailə üzvlərinin müharibə illəri ilə bağlı xatirələrinə və təəssüratlarına yer verilib.
Daha sonra Vətən müharibəsi iştirakçıları – Hüseyn Ağazadə və Kənan Şirinli çıxış edərək keçdikləri döyüş yolu və həmin günlərlə bağlı düşüncələrini bölüşüblər.

















