Dövlət Xidməti və aidiyyəti dövlət orqanları tərəfindən Dövlət Proqramı üzrə Tədbirlər Planında nəzərdə tutulan tapşırıqlar, o cümlədən cari ildə hazırlanması nəzərdə tutulan 44 milli texniki reqlament layihəsi üzrə görülən işlər müzakirə edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə yaradılan İşçi Qrupun növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti, o cümlədən milli texniki reqlamentlərin hazırlanmasına və 2024-cü il üzrə “İş Planı”nda nəzərdə tutulmuş tapşırıqların icrasına məsul olan Energetika, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 100-ə yaxın nümayəndəsi iştirak edib.
İclasın keçirilməsində məqsəd İşçi Qrupun cari il üzrə iş planında nəzərdə tutulan tapşırıqların icra statusu, müxtəlif dövlət orqanları tərəfindən hazırlanması nəzərdə tutulan 44 milli texniki reqlamentin hazırlanması istiqamətində görülən işlərin müzakirəsi, o cümlədən həmin layihələrin hazırlanması zamanı qarşıya çıxan çətinliklər barədə fikir mübadiləsinin aparılması olub.
Tədbirdə Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov açılış nitqi ilə çıxış edib, iştirakçılara Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti və texniki tənzimləmə sisteminin qurulması istiqamətində görülən işlər barədə məlumat verib.
Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev iclasda texniki reqlamentlərin hazırlanması ilə bağlı həyata keçirilən işlərə dair təqdimatla çıxış edib. Daha sonra aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə texniki reqlamentlərin hazırlanması zamanı qarşıya çıxan çətinliklər və onların həlli yolları istiqamətində müzakirələr baş tutub.
Qeyd edək ki, iş planında səlahiyyətli dövlət orqanları tərəfindən müxtəlif mal kateqoriyalarının təhlükəsizliyinə dair 44 milli texniki reqlamentin hazırlanması nəzərdə tutulub. Bu reqlamentlər ilkin mərhələdə əhali tərəfindən ən çox istehlak olunan yuyucu vasitələri, yanacaq və yüngül sənaye məhsulları, tütün məmulatları, uşaq oyuncaqları, uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş məhsullar, mebel məhsulları və digər prioritet qeyri-qida sənaye mallarını əhatə edəcək.
Qeyd: “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq olunub. Dövlət Proqramı milli texniki reqlamentlərin qəbulu, texniki tənzimləmə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, bu istiqamətdə müasir laboratoriya şəbəkəsinin qurulması, istehsal prosesi, keyfiyyətin qiymətləndirilməsi və xidmət sferasının təşkilinə dair mühüm sahələri əhatə edir.