Sahibkarlar keyfiyyət infrastrukturunun, o cümlədən metroloji təminatın, biznesin inkişafında, məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılmasında rolu barədə məlumatlandırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov Milli Biznesin İnkişafı Forumunun Xüsusi Sessiyasında iştirak edib. Onlayn formatda keçirilən sessiyada sahibkarlara "Metroloji təminatın biznes üçün əhəmiyyəti" mövzusunda ətraflı məlumat verilib.
Sessiya çərçivəsində ilk olaraq Azərbaycan Metrologiya İnstitutun fəaliyyət istiqamətləri və laboratoriya infrastrukturu, habelə bu sahədə görülən işlər barədə iştirakçılar məlumatlandırılıb.
Həmçinin ölçmələrin dəqiqliyinin və beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsində metrologiyanın rolu izah olunub. Bildirilib ki, gündəlik həyat, istehsal və elmi-tədqiqat fəaliyyəti zamanı aparılan ölçmələrin etibarlılığı müxtəlif sahələrdə qəbul edilən qərarların və əldə olunan nəticələrin düzgünlüyünə birbaşa təsir göstərir. Ölçmələrin vəhdəti isə eyni fiziki kəmiyyətin müxtəlif ölkə və regionlarda müqayisə edilə bilən nəticələrlə ölçülməsinə imkan yaradır.
Metroloji təminatın biznes fəaliyyəti baxımından roluna toxunularaq vurğulanıb ki, dəqiq və etibarlı ölçmələr istehsal proseslərində keyfiyyətə nəzarət, məhsulların texniki göstəricilərinin müəyyənləşdirilməsi, ticarət əməliyyatlarının düzgün aparılması, risklərin azaldılması, fəaliyyətin (o cümlədən xərclərin) optimallaşdırılması, resurlara qənaət, müştəri məmnuniyyətinin yüksəldilməsi və istehlakçı hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, sahibkarların müvafiq metroloji xidmətlərdən düzgün və vaxtında istifadə etməsi istehsal proseslərinin səmərəliliyinə, məhsul və xidmətlərin keyfiyyətinə, eləcə də bazarda rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərir.
Sonda iştirakçıların sualları cavablandırılıb və biznes subyektləri üçün metroloji təminatla bağlı praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
