Görüşdə Keyfiyyət informasiya sistemindən (E-keyfiyyet.gov.az) istifadə qaydaları, bu sahədə qanunvericiliyin tələbləri və Agentlik tərəfindən görülmüş işlərlə bağlı məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində uyğunluğu qiymətləndirən 20-dən çox inspeksiya orqanı nümayəndələrinin iştirakı ilə Keyfiyyət informasiya sistemi (e-keyfiyyet.gov.az) üzərindən göstərilən xidmətlərə dair növbəti maarifləndirici görüş keçirilib.
Görüşdə Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev çıxış edərək “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklə bağlı məlumat verib. Qeyd olunub ki, yeni tələblərə əsasən, akkreditasiya olunmuş inspeksiya orqanları tərəfindən verilən inspeksiya rəylərinin yaradılması, qeydiyyata alınması, qüvvəsinin dayandırılması, bərpası, ləğv edilməsi və yenidən rəsmiləşdirilməsi yalnız Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilməlidir.
Daha sonra həmin şöbənin sektor müdiri Bəhruz Baxşəliyev təqdimatla çıxış edərək sistem üzərindən yaradılmış və rəsmiləşdirilmiş sənədlərə dair statistik göstəricilər barədə məlumat verib, həmçinin qanunvericiliyin tələblərini pozmaqla uyğunluğun qiymətləndirilməsi fəaliyyəti göstərən qurumlarla bağlı Agentlik tərəfindən görülmüş tədbirləri diqqətə çatdırıb.
Görüş çərçivəsində həmçinin inspeksiya orqanlarının "Asan İmza" və ya elektron imzadan istifadə etməklə sifarişçilərə təqdim olunan müvafiq rəyləri elektron qaydada yaratmasının üstünlükləri, eləcə də QR kodla təsdiqlənən sənədlərin operativ yoxlanılması sayəsində proseslərin daha çevik idarə edilməsi imkanları diqqətə çatdırılıb. Bildirilib ki, uyğunluğun qiymətləndirilməsi sahəsində rəqəmsallaşmanın tətbiqi qanunvericiliyin tələblərinə əməl olunmasına, risklərin minimuma endirilməsinə və xidmət dayanıqlılığına töhfə verəcəkdir.
Tədbirin sonunda iştirakçıların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.











