twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət satınalmaları sahəsində maarifləndirici tədbir keçirilib

Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətləri üzrə tətbiq olunan yeniliklər və qanunvericilik islahatları barədə məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) birgə təşkilatçılığı ilə sahibkarlar üçün maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Rəqabət və dövlət satınalmaları: Qanunvericilik islahatları” mövzusunda məruzə ilə çıxış edib. Dövlət Xidmətinin fəaliyyət istiqamətləri üzrə tətbiq olunan yeniliklərdən söz açıb, rəqabətin inkişafı və inhisarçılıqla mübarizə, kiçik və orta biznes subyektlərinin bazara giriş maneələrinin aradan qaldırılması, onların satınalmalarda iştirakı, ümumilikdə şəffaflığın və operativliyin təmin edilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib. Bildirilib ki, “Dövlət satınalmaları haqqında” Qanun, bu xüsusda satınalmalar sahəsində aparılan islahatlar və yeni Rəqabət Məcəlləsi layihəsi dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyata yönəldilib.

Tədbirdə çıxış edən “AHK Azərbaycan”-ın icraçı direktoru Tobias Baumann iqtisadiyyatın təşəkkülü üçün yerli bazarların gücləndirilməsinə dəstəyin önəmini vurğulayıb, ölkələrarası iqtisadi əməkdaşlığın  genişləndirilməsi və azad sahibkarlığın inkişafında maraqlı olduqlarını bildirib.

Tədbir sahibkarlar üçün maarifləndirici təlim ilə davam etdirilib. Təlimdə “Dövlət satınalmaları haqqında” yeni Qanunun üstünlükləri, genişləndirilmiş tətbiq dairələri və nəzarət mexanizmlərinin sahibkarlar üçün faydaları barədə məlumat verilib.

Sonda sahibkarların üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində atılan addımlar müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb.