“Açıq qapı” günündə istehlakçıların əsas hüquqları, onların müdafiəsi mexanizmləri və mövcud qanunvericiliyin tələbləri izah edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçılar arasında hüquqi məlumatlılığın yüksəldilməsi məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir. Bu çərçivədə Agentliyin 10 saylı regional bölməsinin (əhatə etdiyi rayonlar: Oğuz, Qəbələ, İsmayıllı) təşkilatçılığı və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istehlakçılar üçün “Açıq qapı” günü keçirilib.
20-dən çox istehlakçının iştirak etdiyi tədbir Agentliyin fəaliyyət istiqamətlərini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Ardınca istehlakçı hüquqlarının qorunması sahəsində qüvvədə olan qanunvericilik aktları, bu sahədə praktikada rast gəlinən hüquqpozma hallarının qarşısının alınması, eləcə də aradan qaldırılması mexanizmləri barədə ətraflı məlumat verilib.
Tədbirdə istehlakçı hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının və məhkəmələrin səlahiyyətləri, həmçinin onların bu istiqamətdə rolu iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində istehlakçı hüquqlarının pozulması ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Agentliyə müraciət qaydaları izah olunub.







