Azərbaycanın bu beynəlxalq platformada təmsilçiliyi istehlakçı hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və qabaqcıl təcrübənin öyrənilməsinə imkan yaradacaq.
Azərbaycan Respublikası İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (International Consumer Protection and Enforcement Network - ICPEN) 2026-2027-ci illər üzrə Məsləhət Qrupuna üzv seçilib. Bu təmsilçilik Azərbaycan Respublikasının ICPEN-ə üzv ölkələrlə müvafiq sahədə əməkdaşlığının gücləndirilməsinə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və effektiv tətbiqi istiqamətində aparılan işlərə töhfə verəcək.
Məlumat üçün bildirək ki, ölkəmiz 2006-cı ildən ICPEN-in üzvüdür və təşkilatda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vasitəsilə təmsil olunur.
Hazırda ICPEN-in Məsləhət Qrupunda ölkəmizlə yanaşı, Gürcüstan, Dominikan Respublikası, Kanada, Peru Respublikası, Portuqaliya Respublikası, Amerika Birləşmiş Ştatları, Niderland Krallığı, Polşa Respublikası, Kolumbiya Respublikası, Belçika Krallığı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İtaliya Respublikası, İsveç Krallığı, Yeni Zelandiya, Avstraliya İttifaqı, Cənubi Afrika Respublikası təmsil olunur.
