20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
Bununla yanaşı, Agentlikdə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri də keçirilib. Tədbir zamanı vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 20 Yanvar hadisələrinin milli oyanış prosesinə təsirləri və xalqımızın azadlıq ruhunun güclənməsində rolu barədə çıxışlar dinlənilib. Bu faciənin Azərbaycan xalqının müstəqillik və suverenlik uğrunda mübarizəsinin rəmzinə çevrildiyi, milli iradəni təcəssüm etdirən qürur tarixi kimi yaddaşlarda əbədi yaşayacağı qeyd edilib.











