ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Azərbaycan Metrologiya İnstitutu

Azərbaycan Metrologiya İnstitutu  publik hüquqi şəxs (bundan sonra – İnstitut) “Standartlaşdırma, Metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən ləğv edilən Dövlət Metrologiya Xidmətinin bazasında yaradılmışdır.

İnstitutun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (və yaxud yaradılması) qorunub saxlanılması, tutuşdurulması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinin təmin edilməsi;
  • işçi etalonların və ölçmə vasitələrinin kalibrlənməsinin həyata keçirilməsi və müvafiq sertifikatın verilməsi;
  • kəmiyyət vahidinin ötürülməsi ilə yanaşı,  təsərrüfat subyektləri ilə bağlanmış müqavilə əsasında dövlət tənzimlənməsinin müvafiq sahələrinə aid olan ölçmə vasitələrinin müqayisəli yoxlanılması və müvafiq şəhadətnamənin verilməsi;
  • ölkəyə idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğunun təsdiqinin tanınması məqsədi ilə təqdim olunan sənədlərin metroloji ekspertizasının keçirilməsi;
  • ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi və dövlət reyestrinin aparılması;
  • ölçmə metodikalarının (metodlarının) attestasiyadan keçirilməsi;
  • tibb və ya əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə təsdiqedici sənədin verilməsi;
  • beynəlxalq və regional Metrologiya təşkilatları çərçivəsində milli etalonların tutuşdurulmasında iştirak etmək;
  • Metrologiya üzrə beynəlxalq və regional təşkilatlarda təmsil olunmaq və s.

Həmçinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən,  ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə  nəzarət edilməsi.

İnstitut öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları  və öz Nizamnaməsini rəhbər tutur.

İnstitut  öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

İnstitut müstəqil balansa, sərəncamında olan əmlakına, banklarda hesablara, habelə xəzinə hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara, loqotipə (emblemə) və blanklara malikdir.

  • Hal-hazırda İnstitutda aşağıdakı milli etalon laboratoriyaları fəaliyyət göstərirlər:
  • Temperatur dövlət etalonları laboratoriyası;
  • Kütlə dövlət etalonları laboratoriyası;
  • Elektrik kəmiyyətləri dövlət etalonları laboratoriyası;
  • Vaxt və tezlik dövlət etalonları laboratoriyası;
  • Təzyiq dövlət etalonları laboratoriyası;
  • İonlaşdırıcı şüalanma dövlət etalonları laboratoriyası;
  • Sıxlıq dövlət etalonları laboratoriyası;
  • Özlülük dövlət etalonları laboratoriyası.

Həmçinin İnstitutda aşağıda qeyd edilən ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyaları fəaliyyət göstərir:

  • Təzyiq, sərf və həcm ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
  • Elektrik və radiotexniki ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
  • Kütlə, həndəsi və mexaniki ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
  • Temperatur ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
  • Fiziki-kimyəvi  və optiki-fizika ölçmə  vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
  • İonlaşdırıcı şüalanma və radioaktivlik ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası.

O cümlədən İnstitutun müvafiq fəaliyyət istiqamətləri üzrə 5 Regional Ərazi İdarəsi fəaliyyət göstərir:

  • Şimal Regional Ərazi İdarəsi;
  • Cənub Regional Ərazi İdarəsi;
  • Qərb Regional Ərazi İdarəsi;
  • Şimal-Qərb Regional Ərazi İdarəsi;
  • Aran Regional Ərazi İdarəsi.

Metrologiya üzrə beynəlxalq və regional təşkilatlarla əlaqələr

Hazırda İnstitut metrologiya üzrə 2 beynəlxalq və 3 regional təşkilatda Azərbaycan Respublikasını təmsil edir:

  •   Çəkilər və Ölçülər üzrə Baş Konfrans (CGPM);
  •   Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilat (OIML);
  •   Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET);
  •  Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB ölkələrinin Dövlətlərarası Şurası (МГС).  
  •  İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutu (SMIIC).

Həmçinin digər xarici ölkələrin Milli Metrologiya İnstitutları ilə sıx əməkdaşlıq edir.

O cümlədən, 28 yanvar 2015-ci il tarixdə Azərbaycan Metrologiya İnstitutu tərəfindən “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Saziş (CIPM MRA) imzalanmışdır.

Uyğunluğun qiymətləndirilməsi

2017-ci ilin noyabr ayında KOOMET Regional Metrologiya Təşkilatının (Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı) beynəlxalq ekspertləri tərəfindən İnstitutun Keyfiyyəti İdarəetmə Sisteminin ISO/IEC 17025 beynəlxalq standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi aparılmışdır.   

Auditin nəticələrinə əsasən, 31 yanvar 2018-ci il tarixində KOOMET-in “Keyfiyyət Forumunun Texniki komitəsi”nin 24-cü iclasının Qərarı ilə Azərbaycan Metrologiya İnstitutuna ISO/IEC 17025 beynəlxalq standartın tələblərinə uyğunluğunu təsdiq edən 31 yanvar 2018-ci il tarixli QSF - R53 nömrəli  “Tanınma haqqında Şəhadətnamə” verilmişdir. “Tanınma haqqında Şəhadətnamə” 5 il müddətinə verilmişdir (31 yanvar 2023-cü ilə qədər qüvvədədir).