Maarifləndirmə məqsədilə keçirilən tədbirdə Rəqabət Məcəlləsində təsbit olunmuş tənzimləmə alətlərindən bəhs edilib, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti barədə ətraflı məlumat verilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü və Lənkəran Dövlət Universiteti ilə birgə təşkilatçılıq çərçivəsində ali təhsil müəssisəsinin tələbələri üçün açıq dərs keçirilib.
Tədbirdə Lənkəran Dövlət Universitetinin Sosial məsələlər üzrə prorektoru, dos. Ramiz Şəmmədov açılış nitqi ilə çıxış edib. Tələbələrin fərdi və peşəkar inkişafında bu kimi tədbirlərin yüksək əhəmiyyət kəsb etdiyini vurğulayan prorektor məhz bu səbəbdən Lənkəran Dövlət Universitetinin müvafiq əməkdaşlıqlara böyük önəm verdiyini diqqətə çatdırıb.
Maarifləndirici tədbir çərçivəsində Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Rəqabət Məcəlləsi: Tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Açıq dərsdə ilk olaraq Dövlət Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Daha sonra ölkədə əlverişli və rəqabətli biznes mühitinin inkişafı, iqtisadi səmərəliliyin artırılması və investisiya qoyuluşunun təşviqinə hədəflənən Rəqabət Məcəlləsinin üstünlükləri, strukturu, burada təsbit olunmuş tənzimləmə alətlərindən bəhs edilib. Həmçinin rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti və müvafiq qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirləri diqqətə çatdırılıb.