Yeni etalon laboratoriyalarında yoxlanılma və kalibrlənmə işinin təşkili beynəlxalq tələblərə uyğun qabaqcıl metodlarla həyata keçiriləcək.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) ölkədə ölçmə imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində həcm, tibb, müqavimət, vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri üzrə 5 yeni etalon laboratoriyasının açılışı olub.
Tədbirdə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Türkiyə Respublikasının sənaye və texnologiya nazirinin müavini Muhammet Kasım Gönüllü, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM - International Bureau of Weights and Measures) direktoru Dr.Martin J.T. Milton, Qanunverici Metrologiya üzrə Beynəlxalq Komitənin (CIML - International Committee of Legal Metrology) prezidenti Dr.Bobcozef Metyu, Türkiyə Respublikasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) rəhbəri Mustafa Çetintaş və Azərbaycan Metrologiya İnstitutunun Baş direktoru Xamis Seyranov çıxış ediblər.
Çıxışlarda iqtisadi subyektlərin metroloji ehtiyaclarının qarşılanması, cihazlara olan tələbatın ödənilməsi istiqamətində müasir avadanlıqlarla təchiz olunan laboratoriyaların önəmindən bəhs edilib, yeni laboratoriya şəbəkəsində yoxlanılma və kalibrlənmə işinin təşkili zamanı beynəlxalq tələblərə uyğun metodların tətbiqi ilə metroloji xidmətin kəmiyyət və keyfiyyətinin artacağı vurğulanıb.
Tədbir çərçivəsində yeni istifadəyə verilən müasir laboratoriyaların maddi-texniki bazası barədə məlumat verilib. Bildirilib ki, həcm ölçmələri laboratoriyasında mayelərlə işləyərkən potensial xətanı azaltmaq, tibb ölçmələri laboratoriyasında sahə üzrə dəqiq ölçmələri həyata keçirmək, vaxt və tezlik ölçmələri laboratoriyasında milli vaxt kəmiyyət vahidi etalonu sayəsində zamanı sinxronlaşdırmaq mümkün olacaq. Həmçinin paylanma parametrləri və radiotezlik gücünün ölçmələri laboratoriyasında aviasiya, hərbi sənaye və rabitə sistemlərinin, müqavimət ölçmələri laboratoriyasında isə energetika sahəsində istifadə olunan yüksək dəqiqlikli müqavimət ölçü cihazlarınının yoxlanılması və kalibrlənməsi həyata keçiriləcək.
Sonda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Qeyd: Azərbaycan Respublikası Prezidentinin 22.07.2022 tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.21-ci bəndinə əsasən “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-də yeni laboratoriya şəbəkəsinin yaradılması nəzərdə tutulub. Strategiyaya uyğun olaraq, ümumilikdə 20 yeni laboratoriyanın yaradılması və 7 mövcud laboratoriyanın təkmilləşdirilməsi həyata keçiriləcək. Sözügedən laboratoriyalarda cihaz və avadanlıqların quraşdırılması, proqram təminatı və əməkdaşların təlimlərə cəlb edilməsi TÜBİTAK UME-nin dəstəyilə icra olunur. Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) tabeliyində fəaliyyət göstərən qurum Türkiyədə ölçmələrin vəhdətinin təmin edilməsi və beynəlxalq sistemə inteqrasiyasını, ölçmələr sahəsində yeni metodların tətbiqini həyata keçirir.