Məcəllədə nəzərdə tutulan yeni tənzimləmə alətləri barədə məlumat verilib, maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarlar haqqında fikir mübadiləsi aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqabət Məcəlləsinin tətbiqi barədə aparılan maarifləndirmə tədbirləri davam etdirilir. Bu silsilədən olan növbəti təlim Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birgə keçirilib.
Rəqabət Məcəlləsində təsbit edilən yeni anlayışlara, rəqabət perspektivindən bazar iştirakçıları üçün nəzərdə tutulan tələblərə, habelə Məcəllədə təsbit edilən bir sıra məqamlara dair təşkil edilmiş seminarda Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin 80-ə yaxın nümayəndəsi iştirak edib.
Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev açılış nitqi ilə çıxış edərək Rəqabət Məcəlləsinin qəbul olunmasının əhəmiyyəti, iqtisadiyyatda sağlam və davamlı rəqabət mühitinin formalaşdırılmasında Məcəllənin rolundan bəhs edib. Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra Mərkəzi Bankın Bazar davranışlarının tənzimlənməsi departamentinin Maliyyə məlumatlılığı və peşəkar inkişafı şöbəsinin aparıcı mütəxəssisi Aytən Abbasova çıxış edərək tədbir iştirakçılarına Mərkəzi Bankın maliyyə biliklərinə dair elektron resursları barədə məlumat verib.
Növbəti çıxış Dövlət Xidmətinin Təbii inhisarlara nəzarət şöbəsinin müdiri Şəmsi Rzalının təqdimatında olub. Çıxış zamanı Rəqabət Məcəlləsinin hazırlanması zərurəti, strukturu, üstünlükləri, eləcə də Azərbaycan Respublikasında rəqabət siyasətinin əsas prinsipləri haqqında izahlar verilib.
Bundan əlavə, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı Məcəllədə təsbit olunmuş tənzimləmə mexanizmləri, həmçinin razılıq alınması tələb olunan təmərküzləşmələr və maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarlar barədə məlumat verilib.