Dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti növbəti seminar keçirib. Təlim Təhsil nazirliyinin əməkdaşları üçün təşkil olunub.
Tədbirin açılışında çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov büdcədən ayrılan vəsaitin səmərəli istifadəsini təmin etmək üçün dövlət satınalmalarının optimal və düzgün təşkil olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, dövlət satınalmaları sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarını artırmaq üçün bu cür təlimlər böyük əhəmiyyət kəsb edir.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təşkil olunan təlimlərin sahibkarlar və satınalan təşkilatlar üçün olan faydasını qeyd edib. Bildirib ki, təlim proqramı ötən il ərzində dövlət satınalmaları sahəsi üzrə nəticələri ləğv olunan müsabiqələrin və daxil olan müraciətlərin təhlili əsasında prioritetlər müəyyən edilərək hazırlanıb.
"Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi" mövzusunda keçirilən interaktiv təlimdə dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, iddiaçıların ixtisasına dair tələblər, tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları ilə satınalmanın nəticələri, satınalma müqaviləsinin bağlanması və idarə olunması müzakirə olunub.
Nazirliyin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi seminarda satınalan təşkilatlar arasında mübahisəli məsələlərin həlli ilə əlaqədar fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.