Təbii inhisar subyektlərinə dövlət nəzarəti və onların tənzimlənməsi ilə bağlı Rəqabət Məcəlləsində nəzərdə tutulan müddəalar diqqətə çatdırılıb, istehlakçıların təbii inhisar subyektləri ilə münasibətdə Məcəllədə təsbit edilmiş tələblərdən irəli gələn hüquqlarının müdafiəsi məsələləri müzakirə edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən telekommunikasiya sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin iştirakı ilə “Təbii inhisar subyektlərinin göstərdikləri xidmətlər üzrə Rəqabət Məcəlləsi ilə təsbit edilmiş çərçivədə istehlakçı (müştəri) hüquqları” mövzusunda maarifləndirici təlim keçirilib.
30-yaxın təsərrüfat subyekti nümayəndələrinin qatıldığı tədbirdə Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Rəqabət Məcəlləsi: tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Təbii inhisar sahəsində dövlət tənzimlənməsi, məhsulların istehsalı (satışı) zamanı təsərrüfat subyektlərinə və istehlakçılara münasibətdə təbii inhisar subyektlərinə qoyulan tələblər və qadağan olunan hərəkətlərlə bağlı Məcəllədə təsbit olunan müddəalar diqqətə çatdırılıb.
Bundan əlavə, iştirakçılara təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri, rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti və bu sahədə tətbiq edilən tənzimləmə üsulları barədə ətraflı məlumat verilib.