Əməkdaşlıq Memorandumu institusional əməkdaşlığın qurulması və genişləndirilməsi, eləcə də uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasını təmin etmək məqsədinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov Polşa Respublikasına işgüzar səfər edib.
Səfər çərçivəsində Polşa Respublikasının Mərkəzi Ölçülər İdarəsi (GUM) ilə AzMİ arasında elmi və texniki əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəd metrologiya sahəsində təcrübə və texniki biliklərin mübadiləsi, ölçmə metodikalarının inkişafı və təkmilləşdirilməsi, həmçinin seminarlar və təlim proqramları vasitəsilə kadr potensialının artırılması istiqamətində əməkdaşlığı nəzərdə tutur.
Səfər zamanı Mərkəzi Ölçülər İdarəsinin fəaliyyəti, o cümlədən burada yerləşən Vaxt və uzunluq, Elektrik və radiasiya, Mexanika və akustika, eləcə də Fiziki-kimya və ətraf mühit metrologiyası departamentlərinin laboratoriyalarına baxış keçirilib.









