Minik avtomobillərinin satışı zamanı “Auto Azərbaycan” MMC tərəfindən müştərilərlə bağlanan müqavilələrə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi nəticəsində aşkar olunan haqsız rəqabətə yolvermə əlamətləri aradan qaldırılıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.
Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı minik avtomobillərinin idxalı və satışı ilə məşğul olan “Auto Azərbaycan” MMC tərəfindən müştərilərlə bağlanan müqavilələrə və zəmanət şərtlərinə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin əlavə edildiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və ya stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı və bununla da, haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib.
Yuxarıda göstərilən hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Auto Azərbaycan” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması prosesində “Auto Azərbaycan” MMC tərəfindən yol verilmiş haqsız rəqabət halları könüllü olaraq aradan qaldırılıb və bu, Dövlət Xidməti tərəfindən nəzərə alınıb.
İşə baxılmasının nəticəsi olaraq, “Auto Azərbaycan” MMC-yə avtomobillərin satışı zamanı onun tərəfindən bağlanmış zəmanət müqaviləsində, eləcə də zəmanət və servis kitabçalarında sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklər nəzərdə tutmaqla haqsız rəqabətə yol verməməsi haqqında icrası məcburi göstəriş verilib. Eyni zamanda “Auto Azərbaycan” MMC tərəfindən istehlakçı müqavilələrində və zəmanət şərtlərində istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin aradan qaldırılması nəzərə alınıb.
Məlumat üçün bildiririk ki, rəqabət qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur.
Vətəndaşlar və sahibkarlıq subyektləri müqavilələrdə məhdudlaşdırıcı şərtlər və haqsız rəqabət halları ilə üzləşdikləri halda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı (office@competition.gov.az) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.