twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətinin nümayəndəsi Mərkəzi Asiya Ticarət Siyasəti Forumunda iştirak edib

Tədbir zamanı ÜTT-yə üzvlük prosesi ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətdə daxili iqtisadi və institusional islahatların həyata keçirilməsi və qurumlararası qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən “ÜTT-yə üzv olma prosesi və üzvlük vasitəsilə inteqrasiya” adlı ikinci Mərkəzi Asiya Ticarət Siyasəti Forumunda iştirak edib.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Katibliyi tərəfindən Asiya İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi və Qazaxıstan Hökuməti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın müvafiq sahələr üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri bir araya gəlib.

Forumun keçirilməsində məqsəd ÜTT-yə üzv olmaq yolu ilə Mərkəzi Asiyanın çoxtərəfli ticarət sisteminə inteqrasiyasını təşviq etmək, tədbir iştirakçılarının təşkilata üzvlüklə bağlı biliklərini artırmaq və bu sahədə öyrənilmiş təcrübələri bölüşmək olub.

Tədbirdə ÜTT-nin baş direktoru Nqozi Okonyo-İvealanı çıxış edərək qlobal çoxtərəfli ticarət sistemində Mərkəzi Asiya regionunun böyük əhəmiyyətə malik olduğunu vurğulayıb, ticarət sahəsində qarşılıqlı münasibətləri yenidən balanslaşdırmaq istiqamətində region ölkələrinin göstərdiyi səyləri yüksək qiymətləndirdiyini qeyd edib.

Mərkəzi Asiya ölkələrinin ÜTT-yə üzvlüyünün əldə olunması ilə çoxtərəfli ticarət sistemindəki mövqeyinə həsr olunan müzakirələrdə Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdir müavini Nəzrin Mirzəzadə də çıxış edib. Müzakirələr zamanı regional və qlobal iqtisadi inteqrasiya kontekstində dövlətlərin ÜTT-yə üzvlük istiqamətində həyata keçirdikləri fəaliyyətləri, təşkilata üzvlük imkanları və mövcud çətinliklər barədə məlumat verilib,  ÜTT Katibliyinin rolu və region ölkələrinin təşkilatda iştirakını ən yaxşı şəkildə dəstəkləmək üçün göstərilə biləcək yardım növləri barədə məruzələr dinlənilib.