Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov ilə görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Qazaxıstanla əlaqələrinin yüksək səviyyədə olduğunu, müxtəlif iqtisadi sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb, qarşılıqlı iqtisadi münasibətlərin daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib. Nazir bildirib ki, hazırda tərəflər arasında iqtisadi əməkdaşlığın inkişafını ehtiva edən bir sıra sənədlər müzakirə olunur, qarşılıqlı ticarətin genişləndirilməsi istiqamətində iş aparılır. 2021-ci ilin mayında Qazaxıstanın Nur-Sultan şəhərində açılmış Azərbaycan Ticarət Evi bu sahədə əlverişli mexanizmdir. Bununla yanaşı, ixrac missiyalarının və işgüzar görüşlərin davam etdirilməsi ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Mikayıl Cabbarov bildirib ki, ölkələrimiz arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Qazaxıstandan Azərbaycanın qeyri-neft sektoruna 94 mln. dollar, Azərbaycan tərəfindən isə Qazaxıstanın qeyri-neft sektoruna 203 mln. dollardan çox sərmayə qoyulub. Azərbaycanda sənaye, aqrar, ticarət, xidmət, tikinti və nəqliyyat sahələri üzrə 145 Qazaxıstan şirkəti qeydiyyatdan keçib.
Görüşdə ticarət, tranzit-logistika, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün böyük potensial qeyd edilib, işğaldan azad edilmiş ərazilərimizin inkişafı konsepsiyası, aparılan bərpa işləri barədə məlumat verilib, Qazaxıstan şirkətlərinin yenidənqurma işlərində iştirak imkanları diqqətə çatdırılıb.
Tərəflər iqtisadi-ticarət əlaqələri, ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.