twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Rəqabət orqanı təbii inhisar subyektlərində yoxlamalar həyata keçirə bilər – MÜSAHİBƏ

Bu il iyulun 1-də qüvvəyə minəcək Rəqabət Məcəlləsində rəqabətə və istehlakçıların mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınmasına xidmət edən yeni hüquqi alətlər müəyyən edilib. Təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsinə dair məcəllədə yer alan yeni müddəalar da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Xamis Seyranov yeni hüquqi aktda təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsi, bu tənzimləmə üsullarının tətbiqi üçün əsaslar və digər yeniliklər barədə AZƏRTAC-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Təbii inhisar nədir və hansı səbəblərdən iqtisadiyyatlarda təbii inhisarlar mövcuddur?

- “Təbii inhisar” dedikdə istehsalın texnoloji xüsusiyyətlərinə görə və ya iqtisadi baxımdan əlverişli olmadığı üçün özəl biznes strukturlarının fəaliyyət göstərə bilmədiyi sahələr nəzərdə tutulur. Başqa sözlə desək, bəzi sahələr üzrə özəl sektorun iştirakı ilə rəqabət yarana bilmir. Bu sahəyə nümunə olaraq metro nəqliyyatını, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətlərini və bir sıra sahələri göstərə bilərik. Bununla yanaşı, bəzi sahələr (məsələn, elektrik təchizatı, qaz və ya su təchizatı sahələri və s.) də var ki, ictimai maraqlar əsas götürülərək tariflərin dövlət tərəfindən tənzimlənməsi məqsədilə bu sahələr rəqabətə açıq olmur. Əlbəttə ki, həmin sahələrdə istehlakçılara və sahibkarlıq subyektlərinə mal, iş və ya xidmətlər təqdim edilməlidir. Bu zaman dövlət ictimai və ya dövlət maraqları naminə təsis etdiyi qurumlar vasitəsilə həmin sahələrdə məhsul və xidmətlərin təqdim edilməsini təmin edir, bu qurumların iqtisadi fəaliyyətini nəzarətində saxlayır. Təbii inhisar şəraitində əmtəə istehsalı və ya satışı ilə məşğul olan təsərrüfat subyektləri təbii inhisar subyektləri hesab olunur.

- Ölkəmizdə hazırda təbii inhisar sahələri hansılardır? Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə bu sahələrə hansı dəyişikliklər edilir?

- Qüvvədə olan və cari il iyulun 1-dən qüvvədən düşməsi gözlənilən “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə neft və neft məhsullarının, təbii qazın, elektrik enerjisinin nəqli, saxlanması və paylanması xidmətləri, magistral və yerli dəmir yolu xətlərinin istismarı fəaliyyəti, aeroportların, uçuş zolaqları və qurğuların istismarı xidmətləri, metro nəqliyyatı, su limanı xidmətləri, telefon və poçt rabitəsi xidmətləri, su kəməri şəbəkəsi, kanalizasiya xətlərinin istismarı, meliorasiya, istilik təchizatı xidmətləri və digər bir sıra sahələr daxildir.

Təbii inhisar fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra ölkələrin qanunvericiliyi araşdırılıb və milli iqtisadiyyatımızın xüsusiyyətləri əsas götürülməklə təkmil müddəalar məcəlləyə daxil edilib. Məcəllədə təbii inhisar fəaliyyətinin tənzimlənməsi üzrə dövlətin təbii inhisarların iqtisadi fəaliyyətini öz nəzarətində saxlaması, bu fəaliyyət üzrə tariflərin dövlət tərəfindən müəyyən edilməsi, dövlət nəzarəti çərçivəsində təbii inhisar subyektlərinin istehlakçıların mənafeyinə və azad rəqabətə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması və aradan qaldırılması prinsipləri əsas götürülüb. Nəticədə məcəllə təbii inhisar subyektlərinin fəaliyyətinə effektiv nəzarətin təşkilində təsirli alət və mexanizmlərdən istifadəyə imkan yaratmaqla ölkə iqtisadiyyatının və azad sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verəcək. Qeyd edilənlərə və müasir iqtisadi çağırışlara uyğun olaraq Rəqabət Məcəlləsində təbii inhisar fəaliyyəti sahələrinə yenidən baxılıb. Belə ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunundan fərqli olaraq, Rəqabət Məcəlləsində neft və qaz məhsullarının magistral boru kəmərləri vasitəsilə Azərbaycan ərazisindən tranzit nəqli və Azərbaycan hüdudlarından kənara ixracı təbii inhisar fəaliyyəti hesab edilmir. Bundan əlavə, bələdiyyə və (və ya) xüsusi mülkiyyətə aid mənbələr hesabına enerjinin istehsal olunması da təbii inhisar fəaliyyəti hesab edilməyib. Məcəlləyə əsasən, su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma fəaliyyəti təbii inhisar fəaliyyət sahələrindən çıxarılıb. Həmçinin rabitə və telekommunikasiya fəaliyyət sahələri üzrə dəqiqləşmələr aparılıb.

- Mövcud qanunvericilikdə təbii inhisar subyektlərinin fəaliyyətini tənzimləyən hansı normalar Rəqabət Məcəlləsi ilə təkmilləşdirilib?

- “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təbii inhisarları tənzimləyən orqanlar həmin qanuna və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirirlər. Eyni zamanda, təbii inhisarları tənzimləyən orqanlar istehlakçıların mənafeyinə mənfi təsir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərin qarşısının alınması və ya aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görürlər. Bu tələblər Rəqabət Məcəlləsində də saxlanılıb. Lakin qüvvədə olan qanuna münasibətdə Rəqabət Məcəlləsində təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət alətləri təkmilləşdirilib, şəffaflıq və çevikliyi təmin edən müddəalar əlavə edilib. Belə ki, məcəllədə təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsinin predmetinə əlavələr edilib. Həmçinin təbii inhisar subyektlərinin dövlət nəzarətində olan və rəqabət orqanı ilə razılaşdırmalı olduqları hərəkətlərinin əhatə dairəsi genişləndirilib. Məcəllənin tələblərinə əsasən, dövlət nəzarəti tətbiq edilən hərəkətlərə aşağıdakılar daxildir: təbii inhisar subyektləri tərəfindən tətbiq edilən hüquqi aktların və müqavilələrin rəqabət qanunvericiliyinə uyğunluğu; əsas vəsaitlərə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi; əsas vəsaitlərin satışı, icarəyə verilməsi və ya digər hərəkətlər nəticəsində təbii inhisar subyektlərinin mülkiyyət və ya istifadə hüququnun digər təsərrüfat subyektlərinə keçməsi; əsas vəsaitlərin müştərilərə satışı, habelə lizinq və ya uzunmüddətli öhdəliklər əsasında verilməsi; təbii inhisar subyektləri tərəfindən məcəllə ilə müəyyən edilmiş təbii inhisar fəaliyyət sahələrindən başqa sahələrə investisiyaların ayrılması və ya yeni fəaliyyət sahələrinə başlanılması; təbii inhisar subyektlərinin yenidən təşkili, ləğvi və ya təbii inhisar fəaliyyəti üzrə səlahiyyətlərinin təsisçisi olduğu hüquqi şəxsə ötürülməsi və s. Qüvvədə olan qanundan fərqli olaraq, əsas vəsaitlərin əldə edilməsi və ya özgəninkiləşdirilməsi ilə bağlı qanunvericilikdə dəqiqləşmələr aparılıb. Nəzərdə tutulan əsas vəsaitin dəyərinin təbii inhisar subyektinin cari ilin əvvəlindəki balansına uyğun olaraq aktivlərinin balans dəyərinin 0,5 faizindən çox olmasının bu hərəkətin razılaşdırılması üçün əsas olması təsbit edilib.

Bundan əlavə, məcəllədə təkmilləşdirilən müddəalardan biri də təbii inhisar subyektləri tərəfindən məhsulun təqdim edilməsi ilə əlaqədar qəbul etdikləri hüquqi aktlara rəqabət orqanı tərəfindən nəzarətin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, təbii inhisar subyektlərinin məhsulun təqdim edilməsi ilə əlaqədar müştərilərə münasibətdə tətbiq edilməsi üçün qəbul etdikləri qərar, qayda, tələbnamə, reqlament, əmr, göstəriş və digər bu kimi sənədlər, habelə müqavilələrin rəqabət qanunvericiliyinə uyğunluğu da dövlət nəzarətinin predmetinə daxil edilib. Təbii inhisar subyektləri sözügedən hərəkətlərin edilməsinə razılıq almaq üçün rəqabət orqanına müraciət etməli olacaqlar.

- Qeyd etdiniz ki, Rəqabət Məcəlləsində dövlət nəzarətində olan hərəkətlərin edilməsinə razılıq alınmalıdır. Rəqabət orqanı dövlət nəzarətində olan hərəkətlərin edilməsinə razılıq verilməsindən imtina edilə bilərmi?

- Rəqabət Məcəlləsinə əsasən, rəqabət orqanı bir sıra hallarda təbii inhisar subyektinin müraciətdə göstərilən hərəkətləri etməsinə razılıq verilməsindən imtina edə bilər. Qüvvədə olan qanundan fərqli olaraq, məcəllədə rəqabət orqanı tərəfindən təbii inhisar subyektinin müraciətində göstərilən hərəkətləri etməsinə razılıq verilməsindən imtina edilməsinin konkret əsasları müəyyən olunub. Bu mənada, əgər həmin hərəkətlər mövcud qiymətlərin artmasına, müştərilərlə müqavilələrin pozulmasına səbəb olarsa, müştərilərin qanuni mənafelərinə mənfi təsir göstərərsə, digər təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinin məhdudlaşmasına səbəb olar, yaxud azad sahibkarlıq mühitinə mənfi təsir göstərərsə, qiymətləri tənzimlənən məhsulun satılması üçün istifadə olunan texnoloji sistemin pozulmasına və ya qiymətləri tənzimlənən məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olarsa, subyektin imkan və resurslarının müştərilərin məhsul üzrə ehtiyacının tam həcmdə ödənilməsinə imkan verməzsə, bu halda rəqabət orqanı təbii inhisar subyektinin həmin hərəkətləri etməsinə razılıq verilməsindən imtina edə bilər.

- Rəqabət Məcəlləsi tamamilə yeni olan hansı müddəaları özündə ehtiva edir? Başqa sözlə, mövcud qanunvericilikdə olmayan hansı məsələlər məcəllədə öz əksini tapıb?

- Öncə onu qeyd edim ki, məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Qüvvədə olan qanunvericilikdən fərqli olaraq, Rəqabət Məcəlləsində bir sıra yeni müddəalar öz əksini tapıb. Məcəllədə yer alan yenilik kimi təbii inhisar subyektlərinin təqdim etdikləri məhsulun qiymətlərinə nəzarət edilməsinin yeni qaydasını qeyd edə bilərik. Belə ki, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların qiymətləri “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Təbii inhisar subyektləri tərəfindən təqdim edilən, lakin qiymətləri dövlət tərəfindən tənzimlənməyən məhsulların qiymətləri isə təbii inhisar subyektinin özü tərəfindən müəyyən olunur. Lakin bu halda təbii inhisar subyekti qiyməti tənzimlənməyən məhsulun (beynəlxalq sazişlərdən irəli gələn fəaliyyət sahələri istisna olmaqla) istehsalını və ya satışını həyata keçirdikdə təklif olunan qiymətlər barədə azı 30 gün əvvəl rəqabət orqanına məlumat verir. Təbii inhisar subyekti qiyməti formalaşdıran iqtisadi amillər barədə bütün məlumatları rəqabət orqanına təqdim etməlidir. Rəqabət orqanı təbii inhisar subyekti tərəfindən yeni tənzimləmənin istehsal edilmiş və ya satılmış məhsulun keyfiyyətinin artırılmasında və bu məhsula tələbatın ödənilməsində stimullaşdırıcı roluna diqqət yetirir, məsrəflərin nə dərəcədə əsaslandırılmış olmasını müəyyən edir. Rəqabət orqanı iqtisadi cəhətdən əsaslandırılmamış və məcəllə ilə müəyyən edilmiş tələblərə uyğun gəlməyən qiymətlərin real iqtisadi göstəricilərə uyğunlaşdırılması barədə göstəriş verə biləcək.

Yeniliklərdən biri də təbii inhisar subyektləri tərəfindən öz sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının rüb bitdikdən sonra növbəti ayın 20-dək rəqabət orqanına təqdim etmələri ilə bağlıdır. Rəqabət orqanı təbii inhisar subyektləri tərəfindən təqdim edilən maliyyə hesabatlarından bu subyektlərin fəaliyyəti ilə yaradılma məqsədləri arasında uyğunluğun təsbiti, təbii inhisar subyektinin təqdim etdikləri məhsulların müştərilər üçün əlçatanlılıq səviyyəsinin aydınlaşdırılması və təbii inhisar subyektlərinə dövlət nəzarətinin effektivliyinin artırılması üçün istifadə edir.

Daha bir yenilik isə iqtisadiyyatın müəyyən sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinə, o cümlədən təbii inhisar subyektlərinə subsidiya və digər dövlət yardımları verilməsinin və tənzimləmə tədbirlərinin rəqabətə təsirinin Rəqabət orqanı tərəfindən mütəmadi olaraq qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, dövlət qurumları, yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən təsərrüfat subyektlərinə subsidiya və digər dövlət yardımların verildiyi hallarda bu yardımların Rəqabət Məcəlləsi ilə qadağan olunmuş hərəkətlərə səbəb olmaması barədə rəqabət orqanının məşvərətçi rəyi alınmalıdır. Bununla yanaşı, Rəqabət orqanı özünün həyata keçirdiyi qiymətləndirmənin nəticələrinə əsasən, subsidiya və digər dövlət yardımlarının verilməsinin və tənzimləmə tədbirlərinin rəqabətə olan mənfi təsirlərini aradan qaldırmaq məqsədilə dövlət qurumlarına, yerli özünüidarəetmə orqanlarına və tənzimləyici qurumlara təkliflər verə bilər.

Rəqabət Məcəlləsində yer alan yeniliklərdən biri də təbii inhisar subyektinin müəyyən ərazidə yaxud müəyyən dövrdə fəaliyyətini həyata keçirməsinin sosial xarakterli fövqəladə mühit rejiminin mövcudluğu səbəbindən mümkün olmaması, həmin ərazidə yaxud dövrdə digər bazar subyektlərinin müvəqqəti fəaliyyət göstərə bilməsi ilə bağlıdır. Bu halda təbii inhisar subyektinin müraciəti əsasında Rəqabət orqanının razılığı tələb olunur.

- Bir az da təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirlərindən danışaq. Məcəlləyə əsasən rəqabət orqanı olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dövlət nəzarəti sahəsində səlahiyyətlərində hansı dəyişikliklər olacaq?

- Rəqabət Məcəlləsində təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin rəqabət orqanı kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən keçiriləcəyi təsbit olunub. Məcəllədə göstərilir ki, təbii inhisar subyektlərinin fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarət olunması məqsədilə rəqabət orqanı zəruri məlumatları tələb və əldə edə, araşdırmalar apara, eyni zamanda, təbii inhisar subyektlərində yoxlamalar həyata keçirə bilər. Yoxlamalar rəqabət qanunvericiliyinə əməl edilməsinə, qiymətləri tənzimlənən sahələrdə qiymətlərin düzgün tətbiqinə, xərclərin iqtisadi cəhətdən əsaslandırılmasına və təbii inhisar subyektlərinin aktlarının müvafiq qanunvericiliyə uyğunluğuna nəzarət məqsədilə aparıla bilər.

Rəqabət orqanının araşdırma və yoxlamaları zamanı təbii inhisar subyektləri tərəfindən müvafiq qanunvericiliyin pozulması əlamətləri müəyyən edildikdə həmin təbii inhisar subyektləri barəsində rəqabət komissiyasının qərarı əsasında iş qaldırılır. Rəqabət qanunvericiliyinin pozulması sübuta yetirildikdə rəqabət komissiyası məsuliyyət tədbirlərinin tətbiqinə dair qərar qəbul edir. Qanun pozuntusuna yol vermiş təbii inhisar subyektlərinə rəqabət komissiyasının yekun qərarı əsasında həmin pozuntuların aradan qaldırılması və qərarda icrası zəruri hesab edilən digər hərəkətlərin yerinə yetirilməsi barədə rəqabət orqanı tərəfindən göstəriş verilir.

Təbii inhisar subyektləri və ya onların vəzifəli şəxsləri Rəqabət Məcəlləsi ilə müəyyən edilmiş tələbləri pozduqda rəqabət orqanının qərarlarına uyğun olaraq müəyyən edilmiş müddətdə bir sıra hərəkətləri yerinə yetirməlidirlər. Bu hərəkətlərə məcəllənin tələblərinin pozulmasını aradan qaldırmaq, ilkin vəziyyəti bərpa etmək və ya qərarda müəyyən edilmiş başqa göstərişləri yerinə yetirmək, məcəlləyə uyğun olmayan əqdləri ləğv etmək və ya dəyişmək, mütləq məhsul təqdim edilməli olan müştəri ilə müqavilə bağlamaq və ya bağlanılmış müqavilədə dəyişiklik etmək, müştərilərdən əsassız və ya artıq alınmış ödənişləri onlara geri ödəmək daxildir. Təbii inhisar subyektləri rəqabət orqanına sənədləri və məlumatları tələb edilən vaxt ərzində və tam həcmdə təqdim etməli, nəzarət tədbirlərinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidirlər.

- Rəqabət Məcəlləsində təbii inhisarlara dövlət nəzarətinin biznes mühiti və istehlakçılar üçün gözlənilən faydaları nədən ibarətdir?

Təbii inhisar subyektinin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi təbii inhisar subyektinin öz mövqeyindən sui-istifadə etməsinin və digər sahibkarlıq subyektlərinə maneələrin yaradılmasının, habelə istehlakçıların hüquq və mənafelərinin pozulması hallarına yol verilməsinin qarşısının alınmasından ibarətdir. Bu mənada, təbii inhisar subyektlərinin potensialından rentabelli şəkildə yararlanmalı, dövlət və ictimai maraqlar qorunmalı, istehlakçı mənafelərinin müdafiəsi və rəqabətli mühit təmin edilməlidir. Təbii inhisar subyektinin məhsulları bütün müştərilər üçün bərabər və şəffaf formada əlçatan olmalı, istehlakçıların və ya müştərilərin mənafeyinə uyğun olmayan şərtlərin onlara diktə edilməsinə yol verilməməlidir. Rəqabət Məcəlləsində biznes subyektləri və istehlakçıların mənafelərinin müdafiə edilməsinə yönələn konkret tələblər də nəzərdə tutulub. Belə tələblərə misal olaraq, təbii inhisar subyektləri tərəfindən istehsalını və satışını həyata keçirdikləri məhsulların siyahısının, tənzimlənən və tənzimlənməyən qiymətləri fərqləndirməklə məhsullar üzrə qiymətlərin siyahısının, müştərilər tərəfindən məhsulların əldə edilməsi üçün tələb olunan şərtlərin, müqavilənin forması və bağlanılması qaydasının, habelə müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasının açıqlanması, o cümlədən rəsmi internet səhifəsində yerləşdirilməsinin təmin edilməsi barədə tələbləri göstərə bilərik. Məcəllədə nəzərdə tutulan tələblərə uyğun olaraq təbii inhisar subyektləri öz müştərilərini vaxtında və lazımi keyfiyyətdə məhsul və xidmətlərlə təchiz etməli, mütləq məhsul təqdim edilməli olan müştərilər ilə müqavilə bağlamalı, xidmət zamanı qüsurlara yol verilməsi hallarının aradan qaldırılmasına nail olmalı, qanunvericiliyin tələblərini pozmaqla müştərilərdən əsassız və ya artıq alınmış ödənişləri onlara geri ödəməlidirlər.

Bununla yanaşı, məcəllə təbii inhisar subyektlərinin digər biznes subyektlərinin fəaliyyətinə maneələr yaradacaq hərəkətlərinin qarşısının alınmasına da imkan yaradacaq. Məcəllə ilə müştərinin təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya əldə edilən məhsulun həcminin artırılması üçün qanunla müəyyən edilmiş texniki şərtlərə uyğun iş yerinə yetirən təsərrüfat subyektlərinin fəaliyyətini məhdudlaşdırması təbii inhisar subyektlərinə qadağan edilir. Nəticə etibarilə Rəqabət Məcəlləsində təbii inhisar subyektlərinə dair nəzərdə tutulan dövlət nəzarəti tədbirləri biznes subyektlərinin və istehlakçıların təbii inhisar subyektlərinin istehsal etdikləri məhsullardan və göstərdikləri xidmətlərindən bərabər şəkildə yararlanmalarını təmin edən şəraitin yaradılmasına xidmət edəcək.