twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Televiziya yayımçıları üçün reklam sahəsində maarifləndirici tədbir keçirilib

İştirakçılara haqsız rəqabət və reklam qanunvericiliyinin tələbləri, haqsız, qeyri-dəqiq və gizli reklam əlamətləri, həmçinin reklam subyektlərinin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə televiziya yayımçıları üçün “Televiziyada reklam qanunvericiliyinə riayət olunması” adlı maarifləndirici tədbir keçirilib. Tədbir Dövlət Xidməti ilə Azərbaycan Respublikası Audiovizual Şurası arasında imzalanmış birgə fəaliyyətə dair Tədbirlər Planına əsasən təşkil olunub.

Tədbirdə çıxış edən Audiovizual Şuranın sədri İsmət Səttarov görüşün məqsədi, televiziya yayımında reklam qanunvericiliyinə riayət olunması ilə bağlı ümumi vəziyyət barədə məlumat verib. 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinin müavini Cəfər Babayev iki qurum arasında 2022-ci ildə imzalanmış “Birgə Tədbirlər Planı”nın əhəmiyyəti, planın yerinə yetirilməsi vəziyyəti haqqında danışıb. Daha sonra iştirakçılara Dövlət Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, Reklam qanunvericiliyinə nəzarət reklam (açıq məkanda reklam istisna olmaqla)  – Dövlət Xidmətinin fəaliyyət istiqamətlərindən biridir. Qanunsuz reklam üsullarının  müəyyən edilməsi istiqamətində media sahəsində Audiovizual Şura ilə birgə aparılan monitorinqlərdən danışan rəis müavini qeyd edib ki, monitorinqlər  zamanı televiziya və radio kanallarında yayımlanan 35 reklam çarxında qanun pozuntusu əlamətləri aşkar edilib.

Tədbirdə televiziya yayımında reklam qanunvericiliyinə riayət olunması sahəsində mövcud çətinliklər və sözügedən qanunvericiliyin pozulması halları ilə bağlı məruzələr dinlənilib. İştirakçılara haqsız rəqabət və reklam qanunvericiliyinin tələbləri, haqsız, qeyri-dəqiq və gizli reklam əlamətləri, həmçinin reklam subyektlərinin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Respublikası Audiovizual Şurası arasında 04 noyabr 2022-ci il tarixində birgə fəaliyyətə dair Tədbirlər Planı imzalanıb. Plana əsasən media sahəsində qurumların operativ və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə İşçi Qrupu yaradılıb.