twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Milli Məclis “Dövlət satınalmaları haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib

“Dövlət satınalmaları haqqında” yeni qanunla dövlət satınalmalarının əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, məxfiliklə bağlı qaydalar və digər məsələlər müəyyənləşdirilir.

Milli Məclisin iyulun 14-də baş tutan növbədənkənar sessiyasının plenar iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri də iştirak edib.

“Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi iclas zamanı səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28.04.2016-cı il tarixli 888 nömrəli Fərmanına uyğun olaraq qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi 10 fəsil və 59 maddədən ibarətdir.

Yeni qanunla dövlət satınalmalarının əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, məxfiliklə bağlı qaydalar və digər məsələlər müəyyənləşdirilir.

Belə ki, Qanun layihəsində satınalmalara cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi, təchizatçılarla danışıqların və görüşlərin keçirilməsi, satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri sənədlərin və məlumatların təqdim edilməsi formaları, dövlət satınalmalarına nəzarətin xüsusiyyətlərinə dair maddələr yer alıb.

Layihəyə əsasən, satınalma yalnız portal vasitəsilə həyata keçiriləcək, təkliflərin cəlb edilməsi barədə elanlar portalda yerləşdiriləcək, məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarda həyata keçiriləcək.  

Bundan əlavə, qanun layihəsində satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən  satınalmanın dayandırılması şərtləri də yer alıb.

Yeni qanun Dövlət satınalmaları sahəsində dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadəyə, büdcə vəsaitlərindən istifadə zamanı ictimai nəzarətin artmasına, elektron satınalmalara keçidə, rəqabətədavamlı iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək.