İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkəyə mühərrik yağlarının idxalını həyata keçirən sahibkarlarla görüş keçirib.
Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi ilə birgə keçirilən tədbirdə idxalçılar markalanma, xüsusilə də mənşə ölkəsinə dair məlumatların göstərilməsi və digər məsələlərlə bağlı maarifləndirilib.
Qeyd edilib ki, son zamanlar idxal edilən bəzi malların, xüsusilə mühərrik yağlarının təsnifatı və mənşəyinə dair təqdim olunan sənədlərdə olan göstəricilərlə qablaşdırmalarda əks olunan məlumatlar arasında uyğunsuzluq halları müşahidə edilir. Haqsız rəqabət və istehlakçı hüquqlarının pozulmasına səbəb olan belə faktların aradan qaldırılması və bu sahədə nəzarət tədbirlərinin gücləndiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə idxal edilən malların üzərindəki etiket və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilində də olmasının vacibliyi vurğulanıb.