İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş məlumatların araşdırılması nəticəsində müəyyən edilmişdir ki, “AZSERTCENTER” MMC istehlakçıları və sahibkarlıq subyektlərini çaşdırmaqla ona verilmiş icazədən sui-istifadə edərək səlahiyyəti olmadığı halda, bir sıra istehlak mallarına qanunsuz uyğunluq sertifikatları təqdim etmişdir.
Bunları nəzərə alaraq, 27 may 2022-ci il tarixdə Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən “AZSERTCENTER” MMC-nin uyğunluğun qiymətləndirilməsi (sertifikatlaşdırma) fəaliyyətinə verilmiş akkreditasiya attestatı ləğv edilmişdir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların və sahibkarların mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınması və ya aradan qaldırılması üçün tədbirləri davam etdirir.