twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb

İyulun 29-da İsrailin Tel-Əviv şəhərində Azərbaycan Respublikasının Ticarət və Turizm nümayəndəlikləri açılıb.

Bununla əlaqədar keçirilən tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin turizm naziri Yoel Razvozov, Azərbaycan nümayəndə heyəti, İsrail rəsmiləri, ziyalılar və biznes dairələrin nümayəndələri, İsrail-Azərbaycan Ticarət-Sənaye Palatasının üzvləri iştirak ediblər. İştirakçılar Azərbaycan Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar.

Tədbirdə çıxış edən, iqtisadiyyat naziri Mikayıl Cabbarov dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Nazir Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Mikayıl Cabbarov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycana göstərdiyi dəstəyə görə İsrail tərəfinə təşəkkürünü bildirib, İsrail şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasına göstərdikləri marağı yüksək qiymətləndirib.

İqtisadiyyat naziri enerji, səhiyyə, rəqəmsallaşma, investisiyalar, innovasiya, İKT, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb və İsrail iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalanmağa dəvət edib.

Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ticarət və Turizm nümayəndəliklərinin iki ölkə arasında tərəfdaşlığın, o cümlədən turizm sahəsində əlaqələrin genişlənməsinə önəmli töhfə verəcəyini qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycanda tarixi yəhudi irsinin qorunması və Dövlət Turizm Agentliyi tərəfindən bu irsin turizm potensialının inkişafı üçün bir sıra işlər görülür. Belə ki, Agentlik tərəfindən "Azərbaycanda yəhudi irsi" turizm marşrutu hazırlanıb, həmçinin İsrailin Azərbaycandakı Səfirliyi ilə birlikdə ölkəmizin şimal hissədində yerləşən Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində addımlar atılır.

Hökumətlərarası Komissiyanın həmsədri, İsrailin turizm naziri Yoel Razvozov İsrail-Azərbaycan münasibətlərinin strateji xarakter daşıdığını, qarşılıqlı etimad və hörmətə əsaslandığını qeyd edib. 30 il ərzində ölkələrimiz əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə edib, bununla belə İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılması əməkdaşlığımızda tarixi hadisədir. İkitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində bu mühüm qərarı qəbul etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Yoel Razvozov iqtisadi əməkdaşlığın yeni hədəflərinin qarşıya qoyulduğunu və nümayəndəliklərin bu məqsədə xidmət etdiyini vurğulayıb. İsrailin turizm naziri qeyd edib ki, nümayəndəliklər yüksək texnologiya, energetika, su təchizatı, kənd təsərrüfatı, tibb, təhsil və qarşılıqlı investisiyalar kimi müxtəlif sahələrdə birgə biznes qurmaq istəyən İsrail iş adamları üçün yeni ünvan, əlverişli platforma olacaqdır.

Tədbir zamanı Azərbaycanın iqtisadi və turizm potensialı haqqında təqdimat keçirilib.