Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında strateji tərəfdaşlıq əlaqələri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) ilə Türk Standartları İnstitutu (TSE) arasında razılıq əldə edilib. Anlaşmaya əsasən, AZSTAND ölkə ərazisində Türkiyənin 9000-dən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququna malik olacaq.
Türk Standartları İnstitutunun beynəlxalq tələblərə cavab verən milli standartlarının ölkəmzidə tətbiqi, insanların həyat və ya sağlamlığının, ətraf mühitin və əmlakın mühafizəsi və digər önəmli sahələrdə həyata keçirilən tədbirlərin icrasına töhvə verəcək.
Eyni zamanda, standartların tətbiqi Azərbaycan Respublikasının ərazisində mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələrin, habelə standartlaşdırma obyektlərinin təhlükəsizliyi və keyfiyyətinə dair minimum tələblərin müəyyən edilməsi məqsədilə qəbul olunan normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi fəaliyyətlərində istifadə olunacaq, keyfiyyət infrastrukturunun inkişafına xidmət edəcəkdir.
Hər iki dövlət qurumu qarşılıqlı təcrübədən faydalanmaq və ticarəti asanlaşdırmaq üçün standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi (sınaq, yoxlama, sertifikatlaşdırma və s.), təlimlər və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi ilə fəaliyyətlərini daha fəal şəkildə davam etdirəcəklər.