Forum çərçivəsində baş tutan panel sessiyasında çıxış edən Agentliyin sədrinin birinci müavini Cəfər Babayev süni intellekt və rəqəmsal texnologiyaların bazarlara təsirindən, rəqabət mühitinin qorunması və istehlakçı maraqlarının təmin olunması sahəsində yeni çağırışlardan bəhs edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyin sədrinin birinci müavini Cəfər Babayev Azərbaycan-İtaliya Biznes Forumunda “Qabaqcıl istehsal, süni intellekt və yeni texnologiyalar” mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edib.
Çıxış zamanı rəqəmsal texnologiyaların biznes subyektlərinin bazar davranışlarına, qiymətqoyma mexanizmlərinə və rəqabət mühitinə təsiri məsələlərinə toxunulub. Bildirilib ki, süni intellekt və alqoritmik texnologiyaların geniş tətbiqi bazarlarda səmərəliliyin və innovasiyaların artmasına imkan yaratmaqla yanaşı, rəqabətin qorunması baxımından yeni çağırışlar da formalaşdırır.
Müzakirələr çərçivəsində rəqəmsal bazarlarda rəqabət risklərinin vaxtında müəyyən edilməsi, bazar iştirakçıları üçün bərabər imkanların təmin olunması, rəqabəti məhdudlaşdıran davranışların qarşısının alınması və istehlakçı maraqlarının qorunması məsələlərinin əhəmiyyəti vurğulanıb.





