200-dən çox sahibkarlıq subyektinin nümayəndəsinin iştirak etdiyi tədbirdə sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin bu tələblərə uyğunlaşdırılması istiqamətində tövsiyələr verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların maraq və mənafelərinin qüvvədə olan qanunvericiliyə uyğun olaraq sahibkarlarla uzlaşdırılması məqsədilə mütəmadi olaraq biznes subyektləri ilə görüşlər keçirilir. Bu silsilədən olan növbəti maarifləndirici görüş Lənkəran şəhərində Agentliyin təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.
Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən 200-dən çox sahibkarlıq subyektinin nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Emin Quliyev açılış nitqi ilə, Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı, İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov və Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin sektor müdiri Röyal Rəhimov isə təqdimatla çıxış ediblər.
Təqdimatlar zamanı Agentlik və onun fəaliyyət istiqamətləri, istehlak bazarına nəzarət sahələri və bu sahədə görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin istehlakçı hüquqlarının müdafiəsi, bu sahədə nəzərdə tutulmuş məsuliyyət tədbirləri və reklam qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər ətraflı izah edilib, Agentlik tərəfindən aparılan geniş maarifləndirmə fəaliyyəti və mövcud problemlərin həlli istiqamətində görülən işlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb.
Bundan əlavə, sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, müştəri məmnuniyyətinin təmin olunması, eləcə də, reklam qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində tövsiyələr verilib və onları maraqlandıran suallar cavablandırılıb.















