Seminar rəqabət hüququnun əsas istiqamətləri üzrə nəzəri və praktiki məsələləri, eləcə də müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi və peşəkar kadr potensialının inkişaf etdirilməsinə dair mövzuları əhatə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Macarıstanın Rəqabət Qurumunun (GVH) birgə təsis etdiyi Regional Rəqabət Mərkəzi (RCC) tərəfindən təşkil olunan “Rəqabət hüququna giriş” seminarında iştirak ediblər.
İspaniyanın Malaqa Universitetinin Hüquq Məktəbində keçirilən seminar rəqabət hüququ sahəsində peşəkar bacarıqların inkişaf etdirilməsi, gündəlik fəaliyyət zamanı qarşıya çıxan praktiki məsələlər üzrə təcrübə mübadiləsinin aparılması və müxtəlif ölkələrin rəqabət orqanlarının yanaşmalarının öyrənilməsi məqsədilə təşkil olunub. Proqram nəzəri təqdimatlarla yanaşı, praktiki məşğələləri və müzakirələri əhatə edib.
Seminar zamanı İtaliya, Macarıstan, İsveç, Belçika və Finlandiyanın rəqabət orqanlarının nümayəndələrinin, eləcə də Almaniyanın Federal Kartellərlə Mübarizə İdarəsinin ekspertinin çıxışları dinlənilib. Bu çərçivədə müxtəlif ölkələrdə hökmran mövqedən sui-istifadə hallarına dair nümunələr, iqtisadi təmərküzləşmələrə nəzarət üzrə real işlər, rəqabətin qorunmasının əsas alətləri və İspaniyada aparılmış bazar araşdırmaları ilə bağlı təqdimatlar nümayiş etdirilib. Tədbirdə həmçinin rəqabət siyasətinin təşviqi sahəsində müvafiq orqanların roluna dair aktual məsələlər müzakirə olunub.
Sonda seminara qatılan nümayəndələrə iştirak sertifikatları təqdim olunub.



