Görüş zamanı “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament”də əks olunmuş təhlükəsizlik tələbləri, eləcə də uyğunluğun qiymətləndirilməsi prosedurları barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların istehsalını, idxalını və satışını həyata keçirən təsərrüfat subyektlərinin nümayəndələri üçün maarifləndirici görüş keçirilib.
Görüş iştirakçıları “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament”də yer alan təhlükəsizlik tələbləri, uyğunluğun qiymətləndirilməsi prosedurları, iqtisadi subyektlərin öhdəlikləri, eləcə də texniki reqlamentin düzgün tətbiqi barədə məlumatlandırmaq məqsədilə təşkil olunub.
Tədbirdə Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev texniki tənzimləmə ekosisteminin yaradılması istiqamətində Agentlik tərəfindən görülmüş işlər, bu sahədə yeni hüquqi mexanizmlərlə bağlı məlumat verib.
Daha sonra istehlak bazarında qurğu və avadanlıqların uyğunluq nişanı ilə nişanlanmasına dair normalar diqqətə çatdırılıb, habelə həmin qurğu və avadanlıqların idxalı, istehsalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərinə öz fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmaları ilə bağlı tövsiyələr verilib.
Görüş interaktiv müzakirə formatında davam etdirilib, iştirakçıların rəy və təklifləri dinlənilib.











