Görüşdə istehlakçı hüquqlarının müdafiəsi sahəsində ictimai iştirakçılığın gücləndirilməsi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyət istiqamətləri müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Azərbaycan İstehlakçılar Şurası” İctimai Birliyinin rəhbər heyəti ilə görüş keçirilib.
Görüşdə Agentliyin sədrinin birinci müavini Cəfər Babayev istehlakçı hüquqlarının müdafiəsi sahəsində ictimai iştirakçılığın və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, “Azərbaycan İstehlakçılar Şurası” İctimai Birliyinin təsis edilərək fəaliyyətə başlaması istehlakçı hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinə əlavə ictimai dəstəyin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bundan əlavə, Agentliyin öz fəaliyyətində dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları və digər vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb. Bildirilib ki, bu əməkdaşlıq istehlakçı hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinə və ictimai nəzarətin gücləndirilməsinə töhfə verir.
Görüş qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və istehlakçıların hüquqlarının daha effektiv müdafiəsi istiqamətində birgə fəaliyyətə dair məsələlərinin müzakirəsi ilə yekunlaşıb.





