twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
AYİB-lə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink və həmkarları ilə görüşüb.

Görüşdə Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyi və uğurlu əməkdaşlıq etdiyi vurğulanıb. Bankla birgə həyata keçirilən layihələr iqtisadiyyatın şaxələndirilməsinin təşviqi və qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. AYİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə 3 mlrd. avrodan çox investisiya yatırılıb.

İqtisadiyyat naziri Azərbaycanın sosial-iqtisadi prioritetləri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində işğaldan azad olunmuş ərazilərimizin bərpasında və ölkə iqtisadiyyatına reinteqrasiyasında Bankın iştirak imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, AYİB-lə Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın inkişafı, həmçinin dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji üzrə əlaqələrin gücləndirilməsi potensialı böyükdür.

Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink Bankın Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını vurğulayıb, ölkəmizin geniş iqtisadi potensialının əlaqələrin möhkəmləndirilməsinə əlverişli zəmin yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini qeyd edib.

AYİB-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru xanım Katarina Byorlin Hansenin də iştirak etdiyi görüşdə Azərbaycan-AYİB tərəfdaşlığının genişləndirilməsi istiqamətləri, AYİB-in 30-cu illik toplantısı və Biznes Forumu barədə fikir mübadiləsi aparılıb.