İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Mərkəzi Bank ilə birlikdə bank təminatlarının dövlət satınalmalarının vahid internet portalına (etender.gov.az) inteqrasiyasını yekunlaşdırıb. Artıq bank təminatlarının reyestri sahibkarların istifadəsindədir.
Bundan sonra “etender.gov.az” portalında elektron satınalma müsabiqələri üzrə sahibkarlar tərəfindən tender təklifinin təminatı satınalan təşkilatlara yalnız elektron formada portal vasitəsilə təqdim ediləcək.
Bank təminatının elektronlaşdırılması sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Elektron satınalma vasitəsilə açıq tender keçirilən zaman elektron qaydada təqdim edilən tender təklifinin təminatının məbləği və qüvvədə olma müddətinin tenderin əsas şərtlər toplusunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək. Malgöndərənlər (podratçılar) təkliflərini təqdim edərkən uyğunsuzluq olduğu halda, tender təkliflərinin verilməsinin son müddəti bitənədək tender təklifinin təminatına müvafiq düzəliş etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron satınalma vasitəsilə keçirilməyən müsabiqələrdə də tender təklifi təminatları, eləcə də bağlanmış müqavilə üzrə avans və müqavilənin yerinə yetirilməsi təminatları elektron formada təqdim edilə bilər.
Dövlət satınalmaları prosedurlarının tamamilə elektronlaşdırılması Dövlət Xidmətinin prioritetlərindəndir və bu istiqamətdə işlər davam etdirilir.